Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir.
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatına görə, bu ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir.
Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə isə İtalyanın “AFRY” məsləhətçi şirkəti və İspaniyanın “İDOM” layihələndirmə şirkəti nəzarət edir.
“AFRY” məsləhətçi şirkətinin nümayəndəsi Salih Turanın verdiyi məlumata əsasən, hazırda işlər sürətlə davam edir və qrafiki iki ay qabaqlayır:
“Tikinti prosesi bitdikdən sonra avadanlıqların montajı davam edəcək. Bu günə kimi heç bir sıxıntı yaşanmayıb və inşallah bundan sonra da yaşanmaz”.
Yaxın vaxtlarda İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndəriləcək. Bu günə kimi dörd ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işləri davam edir.
Soyutma su sistemlərinin dövran nasoslarının, o cümlədən soyutma borularının yenilənməsi, 500 və 330 kilovoltluq yarımstansiyaların genişləndirilməsi işləri sürətlə aparılır. Paralel olaraq ümumi effektivliyi artırmaq üçün Mingəçevirdəki “Azərbaycan” İES-in mövcud yeddi və səkkizinci enerji bloklarının buxar turbinlərinin zəmanətli əsaslarla modernləşdirilməsi işləri həyata keçirilir. Yüz tondan artıq çəkisi olan turbin, generator və başqa avadanlıqların çıxardılaraq əsaslı təmir olunması və yeni tikilən elektrik stansiyasına inteqrasiya edilməsi üçün işlər yekunlaşıb və hazırda köməkçi avadanlıqların yenisi ilə əvəz edilməsi işlərinə başlanılıb.
“AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr və Media Mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İES-in mövcud yeddi və səkkizinci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1 880 meqavat olacaq. “Bununla da faydalı iş əmsalı 18% artırılaraq 56%-ə çatdırılacaq. Daha dəqiqi 1 280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in yeddi və səkkizinci bloklarının buxar turbinlərində əlavə qaz işlədilmədən enerji almağa imkan verəcəkdir. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaq”.
Yeni stansiyanın tikilməsi, əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
www.102info.az