Sumqayıtda yeni dərs ilinə hazırlıq: Qiymətlər necədir? – FOTOREPORTAJ

Cəmiyyət


Yeni tədris ilinin başlamasına təxminən bir ay vaxt qalıb. Artıq məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara axın başlayıb. Sumqayıt şəhərində də valideynlər 2023-24-cü tədris ili üçün artıq indidən tədarük görməyə başlayıblar. Demək olar ki, on gündür Bakı Tikiş Evinin (BTE) məhsullarının şəhər ərazisindəki satıldığı mağazalarda hər gün izdiham yaşanır.

“Report”un yerli bürosunun əməkdaşı Sumqayıtda yerləşən məktəbli forma və ləvazimatları mağazalarında olub, satıcı və müştərilərin fikirlərini öyrənib.

Müşahidələr zamanı məlum olub ki, məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara tələbat xeyli artıb. Buna baxmayaraq, qiymətdən və məhsulun keyfiyyətindən razı olanlarla yanaşı, narazı qalanlara da rast gəlmək mümkündür.

Alıcı Elçin İsgəndərov deyir ki, məktəbli formalarının materialı çox yaxşıdır. O, həmçinin, qiymətlərin bu günün tələblərinə uyğun olduğunu söyləyir:

“Düşünürəm ki, qiymətlər yüksək deyil və məhsulun materialı da keyfiyyətlidir. Neçə gün idi ki, uşaqlara məktəbli formaları almaq istəyirdik. Nəhayət, bu gün gəlib aldıq”.

Digər müştəri Xatirə Quliyeva isə məktəbli ləvazimatlarının ötən illə müqayisədə bahalaşdığını bildirib:

“Doğrudur, nəzərəçarpacaq qədər olmasa da, bəzi ləvazimatların qiymətində artımların olduğunu görməmək mümkün deyil. Amma buna baxmayaraq, almalıyıq. Mən övladlarımın ikisinə də həm forma, həm də digər ləvazimatların hamısını artıq aldım”.

Bununla yanaşı, söhbət əsnasında digər alıcılar valideynləri yeni tədris ili üçün indidən tədarük görməyə çağırıblar. Onlar ötənilki təcrübələrinə əsasən deyirlər ki, sentyabrın əvvəllərindən etibarən alıcı qabiliyyəti o qədər çox olacaq ki, mağazalarda rahat şəkildə alış-veriş etmək çətinləşəcək.

Müşahidələr zamanı məlum olub ki, bəzi məktəbli ləvazimatlarının qiymətində artımlar olub. Satıcılar deyirlər ki, qiymət artımları daha çox kağız məmulatlarını əhatə edir. Onların sözlərinə görə, bu il kağız məmulatlarında qiymət 5-10 qəpik artıb.

Qeyd edilib ki, çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 20-60 manat arasında dəyişir.

Əsas məktəb ləvazimatlarının qiymətlərinə gəlincə, bildirilib ki, dəftərlər 15 qəpik – 2 manat, sadə karandaşlar 10 qəpik – 2 manat, rəsm albomları 1-3 manat, sadə qələmlər 10-30 qəpik və 1 manat, rəngli karandaşlar 1-8 manat, pozan 20-50 qəpik, qələmyonan 15 qəpik – 1 manat 20 qəpik, xətkeş 20 qəpik – 3 manat, plastilin 1,5 – 5 manat, fırça 30-50 qəpik arasında dəyişir.

Satıcılar deyiblər ki, yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol köynək 17 manata, qısaqol köynək isə 15 manatadır, şalvar və ətək isə 25 manata alıcılara təklif olunur.

Satıcılar, həmçinin, qiymətlərdə artım ehtimalının hələ ki olmadığını söyləyiblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir