BTE xaki rəngli məktəbli formasını tikməməsinin səbəbini açıqlayıb

Cəmiyyət


“Xaki rəngli məktəbli formasını tikməməyimizin əsas səbəbi buna tələbatın olmamasıdır”.

Bunu “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov təmsil etdiyi fabrikin qəhvəyi-yaşıl (xaki) rəngli məktəbli formasını tikməməsinə aydınlıq gətirərkən bildirib.

Onun sözlərinə görə, tələbat daha çox digər rəngli məktəbli formalarınadır:

“Biz dörd rəngin üçünü tikirik. Qəhvəyi-yaşıl rəngli məktəbli formasını isə “Bakı Tekstil Fabriki” MMC tikir, başqa harada istehsal olunduğu haqqında məlumatım yoxdur. Eyni zamanda, dörd rəngin hər birini istehsal etmək üçün fiziki gücümüz də yoxdur. Biz, əsasən, tələbatın daha çox olduğu tünd-göy və tünd-boz rəngli formaları istehsal edirik. Xaki rəngli məktəbli formalarını da tikmişik. Ancaq açığını desək, onlara tələbat azdır, yəni satılmır”.

Şöbə müdiri həmçinin deyib ki, yeni tədris ilinədək tələbat yaxşı olduğu təqdirdə qəhvəyi-yaşıl rəngli məktəbli forması tikilə bilər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarının tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi olmaqla dörd rəngdə olması nəzərdə tutulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir