Azərbaycan 13 nəfəri insan alverinə görə axtarışa verib: Hamısı qadındır – FOTO

Cəmiyyət


Azərbaycan insan alverində təqsirləndirilən 13 nəfəri axtarışa verib.

Oxu.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin müvafiq bölməsində məlumat yerləşdirilib.

Qeyd edək ki, 13 nəfərin hamısı hazırda axtarışda olanların siyahısını əhatə edir.

Onların hamısı qadındır və yeddisi İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

İnsan alverinin hüquqi təsbiti Azərbaycan Cinayət Məcəlləsinin 144-cü maddəsində verilib.

Məcəllədə qeyd olunur:

– İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatına əsasən, 157 insan alveri, üç məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə 44 qanunsuz hərəkət üzrə cinayəti qeydə alınıb.

Hesabat ilində insan alveri cinayəti törətdiklərinə görə ikisi kişi, on üçü qadın olmaqla, 15 nəfər məhkəmə məsuliyyətinə təqdim edilib.

Bunlardan barəsində məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərin doqquzu yeddi ildən on ilədək, bir nəfər üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hesabat ilində 94 insan alveri qurbanı (93 qadın, bir kişi) müəyyən edilib və zərərçəkmişlərin reabilitasiyası, reinteqrasiyası üçün zəruri tədbirlər görülüb.

 

Aqil Vəlili

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir