Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında yerləşən “Yeni ev” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçiriblər.
Nazirlikdən verilən məlumata görə, təlim zamanı nöqsanlar aşkarlanıb.
Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı yanğın avtomobili yaşayış binasına sərbəst şəkildə yaxınlaşıb şərti döyüş açılışı edərkən təzyiqin yanğın su hidrantında və daxili yanğın su kranlarında normativ tələblərə uyğun olmadığı müəyyən edilib. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı müəyyən olunub.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda, yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Xatırladaq ki, FHN-in müvafiq qurumları avqustun 4-də Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 4A ünvanında yerləşən “Xətai-7” MMC-yə məxsus çoxmərtəbəli yaşayış kompleksində də təlim keçirən zaman nöqsanlar aşkarlamışdılar.
www.102info.az