Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
İdarədən verilən məlumata görə, ötən gün saat 19 radələrində Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Elxan Eynur oğlu Həsənov Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində idarə etdiyi “Mercedes Benz” markalı, 90-XM-210 dövlət qeydiyyat nişanlı avtomobillə sərt döngədə idarəetməni itirib. Nəticədə əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Nəzərovun idarə etdiyi VAZ-2106 markalı, 07-BG-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində VAZ markalı avtomobildə olan sərnişin Yaşar Mirzə oğlu Əhmədov hadisə yerində, sürücü Rəşad Nəzərov isə yerləşdirildiyi tibb müəssisəsində vəfat ediblər.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, qəza nəticəsində xəsarət almış şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan yolda müəyyən edilmiş sürət həddinə riayət etməyi, sərt döngələrdə, enişli-yoxuşlu, yaxud dağlıq ərazilərdən keçən yollarda, günün qaranlıq vaxtı, eləcə də məhdud görünmə şəraitində sürət rejimini düzgün seçməyi, yol və hava şəraitini nəzərə almağı xahiş edir, nəqliyyat vasitəsini idarə edərkən verilən yanlış qərarların onların özləri və digər günahsız insanlar üçün bərpası mümkün olmayan itkilərə yol açdığını unutmamağa çağırır.
www.102info.az