Azərbaycan sərhədçisinə atəş açan iranlı qaçaqmalçıya AĞIR CƏZA

Cəmiyyət


Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda və digər cinayətlər törətməkdə təqsirləndirilən İran vətəndaşı Ağacan Nadirzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 12-i saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub. Dövlət Sərhəd Xidmətinin sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb. Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq, sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. 

“Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq, sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə bir nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olub. Yaralanan sərhəd pozucusuna dərhal tibbi yardım göstərilib və xəstəxanaya təxliyə edilib.

İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-ci il təvəllüdlü İran vətəndaşı Ağacan Nasir oğlu Nadirzadə olması müəyyən olunub. Ərazidə aparılan axtarış tədbirləri nəticəsində bir ədəd bağlamanın içərisində ümumi çəkisi yeddi kiloqram 935 qram olan narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar edilərək götürülüb. 

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir