Teymur Musayev Səmərqənddə TDT ölkələri səhiyyə nazirlərinin III iclasında çıxış edib – FOTO

Cəmiyyət


Özbəkistan Respublikasının Səmərqənd şəhərində avqustun 16-da Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin III iclası və Türk Tibb Dünyası Konqresi öz işinə başlayıb.

Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Türk Dövlətləri Təşkilatının və Özbəkistan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamları iştirak edirlər. Tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Açılış nitqi ilə çıxış edən Səmərqənd vilayətinin başçısı Erkinjon Turdimov tədbir iştirarakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.

Öz çıxışında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin səmərəli keçəcəyinə və gələcəkdə səhiyyə sahəsində əlaqələrin daha da möhkəm təməl üzərində qurulacağına əminliyini ifadə edib. Kubanıçbek Ömüralıyev müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın işinə mühüm təkan verəcəyini qeyd etdi.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatı və Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıb: “Prezident İlham Əliyev TDT-nin IX Zirvə görüşündə çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Dövlət başçılarının birbaşa dəstəyi və himayəsi altında ölkələrimizin ictimai, siyasi, iqtisadi, mədəni, sosial həyatının bütün sahələrində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu həm Təşkilat çərçivəsində, eyni zamanda ikitərəfli münasibətlərdə özünü ən yüksək şəkildə göstərir”.

Azərbaycanın səhiyyə naziri ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaratdığını vurğuladı: “Təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bugünkü platforma nəinki təşkilatda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları üçün geniş perspektivlər müəyyənləşdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrinin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin başlıca istiqamətləri kimi hesab edirik. Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir”, – deyə Teymur Musayev fikrini tamamladı.

Öz çıxışlarında Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov, Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə nazirinin birinci müavini Tilek Mamadaliyev, Tacikistanın səhiyyə naziri Jamoliddin Abdullozoda, Rusiya Federasiyası Tatarıstan Respublikasının səhiyyə naziri Marsel Minnullin beynəlxalq tədbirin dünya ölkələrindən olan tərəfdaşlar arasında səhiyyə sahəsində əməkdaşlığın yeni perspektivlərin yaradacağına və bu istiqamətdə birgə fəaliyyətin təşviqinə mühüm töhfə verəcəyini vurğuladılar. Eyni zamanda, Türk Tibb Dünyası Konqresi iştirakçıların səhiyyə sahəsindəki bilik və təcrübələrini qarşılıqlı olaraq bölüşmələri üçün əvəzsiz fürsət yaradacaq. Konqresdə mütərəqqi ideya və texnologiyaların tətbiqi ilə təşkilata üzv dövlətlərinin səhiyyə sistemlərində birgə informasiya məkanının yaradılması, əczaçılıq sənayesi və tibbi avadanlıqların istehsalı sahəsinə investisiyaların cəlb edilməsi, tibbi turizm və tibbi xidmətlərin göstərilməsində dövlət-özəl tərəfdaşlığının inkişafının vacibliyi qeyd edildi.

Sonda Türk Tibb Dünyası Konqresinin yekun sənədi – Birgə Bəyannamə qəbul edilib.
Daha sonra Türk Tibb Dünyası Konqresi ilə paralel keçirilən “Özbəkistan-Türkiyə səhiyyə biznes forumu”nun sərgisi ilə tanışlıq olub. Forum iştirakçıları ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Türk Tibb Dünyası Konqresi öz işini avqustun 17-də yekunlaşdıracaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir