Son illər ölkəmizdə avtomobillərin sayı artıb və ətraf mühitə zərəri az deyil.
Bəs bu cür havanın insan sağlamlığına hansı fəsadları var?
Azərbaycan Tibb Universitetinin eksperti, tibb elmləri üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi informasiyaya görə, hər gün dünyada yaşı 15-dən az olanların 93 faizi, yəni 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır:
“Bu uşaqlardan 630 milyonunun yaşı beşdən aşağıdır. On nəfərdən təxminən doqquzu təhlükəli dərəcədə zəhərli hava udur və nəticədə hər il yeddi milyon adam vaxtından qabaq dünyasını dəyişir. Hava çirklənməsi xüsusilə uşaqlar üçün təhlükəlidir, dünyada yaşı beşdən aşağı olan hər 10 uşaq ölümündən birinin səbəbi məhz bu amildir.
Bu məsələ yoxsul və orta gəlirli ölkələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, orada yaşı beşdən aşağı olan uşaqların 98 faizi çirkli havanın təsirinə məruz qalır. Hər il dünyada kəskin respirator infeksiyalar nəticəsində iki milyon uşaq ölümü qeydə alınır. Bu göstəricinin yarısı qapalı yerlərdə hava çirklənməsi nəticəsi ilə bağlıdır.
Bundan əlavə, kəskin respirator infeksiyalar, xüsusilə də pnevmoniya, erkən yaşlı uşaqlar arasında ölüm hallarının əsas səbəbidir. Bu ölüm hallarının təxminən yarısı qapalı yerlərdə bərk yanacağın yanması nəticəsində əmələ gələn tüstüdən baş verir”.
O qeyd edib ki, Azərbaycanın paytaxtında havanın çirklənməsində sənaye obyektləri ilə yanaşı, şəxsi və ictimai nəqliyyat da mühüm rol oynayır:
“Neftçilər, Nobel, Heydər Əliyev, Qara Qarayev prospektləri, “Ukrayna” dairəsi, Dərnəgül şosesi, “Lökbatan” dairəsi, metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı hissə, Bakı-Sumqayıt şosesi Bakının ən çox çirklənmiş hissələri olaraq qeydə alınıb. Bu ərazilərdə havada azot qazının və işlənmiş qazların səviyyəsi müəyyən olunmuş normadan 1,2 dəfə çoxdur.
Bu ərazilər, eyni zamanda, paytaxtda nəqliyyatın ən sıx olduğu ərazilərdir. Bakı havasında azot oksidi, kükürd dioksidi, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri, benzol, etilbenzol, toluol və kselolun miqdarı normadan artıqdır. Müşahidələrə görə, ilin isti dövrlərində havada həm qaz qarışıqlarının, həm də dağılmış toz hissəciklərinin konsentrasiyası nisbətən yüksək olur.
Məhz bu dövrlərdə temperaturun yüksəlməsi, durğun hava şəraiti və digər meteoroloji amillər havanın keyfiyyətinin pisləşməsinə səbəb olur. Atmosferi çirkləndirən digər mənbə transsərhəd emissiya hesab edilir ki, bu da son on ildə artmağa doğrudur”.
Elmi tədqiqatlara əsasən, hava çirkləndiricilərinin teratogenliyinin (teratogen – normal embrion inkişafı pozaraq qüsurlu toxuma və ya orqanların əmələ gəlməsinə səbəb olan maddə və ya agent – red.) mümkün mexanizmləri ürək-damar sistemi xəstəlikləri ilə bağlıdır. Bu mexanizmlər havanın çirklənməsinə məruz qalma ilə anadangəlmə ürək xəstəliyi arasında əlaqəni qiymətləndirmək üçün bioloji əsas yaradır. Belə ki, nəticələr hamiləlik zamanı Bakıda havanın çirklənməsi ilə anadangəlmə ürək qüsurları arasında olan əlaqənin olduğunu sübut edir.
İ.Əfəndiyev əlavə edib ki, “State of Global Air” saytının hesablamalarına görə, 2019-cu ildə Azərbaycanda ölümün ilk 10 risk faktoru sırasında havanın çirklənməsi bütün ölüm hallarının təxminən 11 faizi təşkil edib:
“Havanın çirklənməsi nəticəsində ölənlərin səkkiz faizi beş yaşa qədər uşaqlardır. Ümumən, atmosferin çirklənməsi Azərbaycanda orta ömür müddətini 1,3 il azaldıb”.
Nəqliyyat sektorunun atmosfer havasına təsirini necə azaltmaq olar?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Oxu.Az-a açıqlamasında bildirib ki, respublika ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi ölkənin üç iri sənaye şəhəri – Bakı, Sumqayıt və Gəncə şəhərlərində fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə aparılır:
“Avtomat stansiyalardan hava keyfiyyəti göstəriciləri üzrə məlumatlar əldə olunur, təhlillər aparılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda atmosfer havasını çirkləndirən əsas mənbə (80 faizdən çox) nəqliyyat sektorudur. Buna səbəb son illərdə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayının da sürətlə çoxalmasıdır. Xüsusilə, köhnə nəqliyyat vasitələrinin istismarı Bakı və digər böyük şəhərlərdə havanın keyfiyyətinə təsir göstərir.
Bu tendensiyanın qarşısını almaq üçün 2019-cu ildən bəri mərhələlərlə ekoloji təmiz avtomobillərə vergi və gömrük güzəştləri tətbiq olunur. Hazırda bütün elektrik mühərrikli avtomobillər, yaşı üç ilə qədər olan və mühərrik həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillər, ikinci, üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azaddır.
İstehsal tarixi üç ilə qədər olan elektrik mühərrikli avtomobillər və enerji doldurucuları əlavə olaraq gömrük rüsumundan da azad edilib. Bu güzəştlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı 2021-ci ildə 160 ədəd (ümumi idxalın 0,2 faizi), 2022-ci ildə isə 409 ədəd (ümumi idxalın 0,7 faizi) artıb”.
Nazirlik rəsmisi qeyd edib ki, 2023-cü ilin altı ayı ərzində isə 1 124 ədəd (ümumi idxalın 2,5 faizi) elektromobil idxal edilib:
“Ekoloji təmiz nəqliyyat vasitələrinin təşviq olunması ilə paralel olaraq, köhnə nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması istiqamətində qərarlar qəbul olunur. Belə ki, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli Qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılıb.
Qərarın əsas məqsədi köhnə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması, insanların həyat və sağlamlığının qorunması, ekoloji təmiz olan hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsinin stimullaşdırılması və ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.
Eyni zamanda, köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası mexanizminin qurulması üzrə sənədlər toplusu hazırlanıb. Utilizasiya mexanizminin tətbiqi ilə bağlı “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilib. Hazırda digər ikinci dərəcəli qanunvericilik aktları hazırlanır.
Utilizasiya mexanizminin tətbiqində əsas məqsəd nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılması, köhnə nəqliyyat parkının yenilənməsi, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və yeni xammal mənbələri yaratmaqla təbii sərvətlərdən səmərəli istifadəni təmin etməkdir”.
“Həmçinin, “Azərbaycan Respublikasında atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dair 2023-30-cu illər üçün Dövlət Proqramı” layihəsi hazırlanıb. Proqram çərçivəsində atmosfer havasının monitorinqi, uçot və hesabatlılığın, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, stasionar və səyyar mənbələrdən atmosferə atılan tullantıların azaldılması, iqlim dəyişmələrinə adaptasiya tədbirləri, o cümlədən təhlükəli iqlim hadisələrinə qarşı erkən xəbərdarlıq sisteminin qurulması, potensialın artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə F.Mütəllimov qeyd edib.
Şöbə müdiri əlavə edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda atmosfer havasının çirklənməsi üzrə avtomatik monitorinq şəbəkəsinin və vahid məlumat bazasının genişləndirilməsi, elektromobillik üzrə Milli Planın hazırlanması, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastrukturunun yaradılması nəzərdə tutulur:
“Görüləcək tədbirlər atmosfer havasının monitorinqi şəbəkəsinin avtomatlaşdırılma səviyyəsinin 87 faizə çatdırılması, istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması, ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi, ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması ilə nəticələnəcək”.
İlhamə Əbülfət
www.102info.az