2017-ci il təvəllüdlü Ayxan Elnur oğlu Məmmədov ötən ilin dekabr ayında ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Lalə Məmmədova məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:
“Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Biz xəstəxanadan evə qayıtdıqdan sonra imkanımız olmadığı üçün Ayxanın müalicəsini davam etdirə bilmədik. Yoldaşım zibillərin toplanması ilə məşğul olurdu və 350 manat pul alırdı. Vərəm xəstəliyinə tutulduğu üçün işdən ayrıldı. İndi heç bir gəlir yerimiz yoxdur. Ayxanın qollarında yaralar açılıb. Göynəmə verdikcə uşağım əziyyət çəkir, bütün günü ağlayır. Yanan yerləri qaşınır. Həkim oğluma lazım olan dərmanları və mazları almaq, yanan yerlərin masajı üçün 900 manat pul lazım olduğunu bildirir. Yardımsevər şəxslərdən bizə kömək etmələrini xahiş edirəm. Bircə balamın canına and olsun ki, yeməyə belə pul tapmırıq, uşaq aclıqdan ağlayır”.
Əlaqə nömrəsi: (055) 267-08-71
www.102info.az