“Füzuli” futbol komandasının İdarə Heyətinə yeni sədr seçilib.
Oxu.Az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Elnur Camalxanov layiq görülüb.
Bununla bağlı jurnalist özü məlumat verib.
“Dəvət üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Peşəkar Futbol Liqası (PFL) rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Klubun yaradıcısı və icraçı direktoru Vasif İsmayılovun komandanın indiyədək ayaqda qalması, həmçinin, Region Liqasında uğurlu çıxışlarına görə əziyyəti danılmazdır.
PFL-in ikinci liqada iştirak edəcək klub rəhbərləri ilə AFFA-da keçirilən görüşündə bir çox vacib məsələlər müzakirə olundu. Klubumuzun daha da inkişaf etdirilməsi, nəinki birinci diviziona, hətta “Misli Premyer Liqası”na vəsiqə qazanması üçün əlimizdən gələni edəcəyik. Hər kəsə uğurlar arzulayıram”, – deyə E.Camalxanov qeyd edib.
Qeyd edək ki, keçmiş telejurnalist “Space” müstəqil teleradio şirkətində müxtəlif vəzifələrdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri postunda çalışıb.
Aysel Aslan
www.102info.az