2022-ci il martın 29-da Suraxanı rayonu Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 568, mənzil 7-də qətl hadisəsi olur. Məlumatla əlaqədar rayon prokurorluq və 31-ci polis bölməsinin əməkdaşları hadisə baş verən ünvana yollanırlar.
Evə baxış zamanı döşəmə üzərində, arxası üstə uzanıqlı vəziyyətdə Gəncə şəhər sakini 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədov meyiti, həmçinin cinayətin aləti olan bıçaq aşkar edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ravil Baybəyov 1966-cı ildə Bakı şəhərində anadan olub. 1989-cü, 1993-cü və 1998-ci illərdə məhkum olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, martın 29-da Fəxrəddin Əsədov narkotik vasitə tələbatı ilə əlaqədar bədənində ağrılar hiss etdiyini bildirib. Qışqırıb, səs-küy saldığı üçün Ravil Baybəyov tanışını sakitləşdirməyə çalışanda, Fəxrəddin onu söyüb. Bundan qəzəblənən Baybəyov evdə, masanın altında olan bıçağı götürərək, Əsədovun döş qəfəsinə güclü zərbə endirib. Nəticədə F. Əsədov yerindəcə keçinib.
İş üzrə dindirilmiş Ravil Baybəyov bildirib ki, Fəxrəddin Əsədovla təxminən 3 il əvvəl tanış olub. O, Suraxanı rayonu ərazisində yaşayıb:
“Narkotik vasitə istifadəçisi olduğunu öyrəndikdən sonra aramızda dostluq münasibəti yarandı. Birlikdə müxtəlif narkotik maddəllər qəbul etmişik. Fəxrəddin əvvəllər taksi fəaliyyəti ilə məşğul idi, sonra avtomobilini satdı. Fəxrəddin arabir pul götürmək üçün bacısının yanına getdiyindən, doğmalarından yalnız həmin qadının Bakıda yaşadığını bilirəm. Özüm fərdi qayada ev təmiri ilə məşğulam, ara-bir Fəxrəddini də yanımda işləməyə aparmışam. Fəxrəddin mənə qalmağa yerinin olmadığını söyləyəndə, onu öz evimə apardım. Evimdə yaşamasının əvəzində ondan pul almırdım. Əksinə yemək-içmək məsələsini çox vaxt özüm həll edirdim. Martın 28-i saat 19 radələrində Fəxrəddinin gətirdiyi narkotik maddəni qəbul etdik. Növbəti gün saat 10-da tanışım narkotik vasitəyə ehtiyacı olduğunu, bu səbəbdən də bədəninin ağrıdığını dedi.
Narkotik maddə almağa pulumuz yox idi. Ağrılara dözə bilmədiyini deyən Fəxrəddin qışqıranda, səs-küy saldığına görə irad bildirdim, ondan sakit olmasını tələb etdim. Amma tanışım sözlərimə məhəl qoymayaraq, yenə də qışqırmağa davam etdi və məni söydü. Fəxrəddinin nalayiq ifadə işlətməsindən qəzəblənərək, uzandığım yerdən qalxıb, üstünə getdim və ondan bir daha sakitləşməsini tələb etdim. Ardınca masanın alt hissəsindən götürdüyüm bıçaqla ürək nahiyyəsinə zərbə vurdum. Fəxrəddin mənə baxıb, “nə etdiyimi?” soruşanda, sanki ayıldım və kəsici aləti bədənindən çıxardım.
Bıçağı yerə tulladım. Evdən çıxmazdan əvvəl iynələri paketə yığdım. Fəxrəddini vurduğum bıçağı gödəkçəmin cibinə qoyub çölə çıxdım. Zibilliyə çatmağa az qalmış paketi yolda tulladım. Yoldan keçən tanımadığım şəxsə yaxınlaşıb evimdə qalan tanışımın özünə bıçaqla xəsarət yetirdiyini dedim və ondan təcili yardım çağırmasını xahiş etdim. Təxminən 20 dəqiqə sonra gələn Təcili yardım işçilərini qarşılayıb evə gətirdim. Həkimlər müayinə edib, Fəxrəddinin artıq öldüyünü bildirdilər və polisə məlumat verdilər. Evə gələn polis əməkdaşlarına baş vermiş hadisəni danışdım. Onlarla birlikdə bölməyə gedərkən, evimin qarşısına xeyli adam toplaşdığını gördüm. Yaşadığım evdən çölə çıxan bacım Rasimə Səttarovaya, “Fəxrəddini vurduğumu” dedim”.
Ravil Baybəyov əlavə edib ki, hadisə təsadüfən baş verib. Tanışının söyüşlərindən əsəbləşdiyinə görə bıçağa əl atıb. Fəxrəddinin sağ qalması üçün bacardığı hər şeyi edib. Əməlindən çox peşmandır.
Zərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə Əsədova ifadəsində göstərib ki, qardaşı Fəxrəddin Əsədov 3 il əvvəl həyat yoldaşı ilə boşanıb. Oğlu Bakıda yaşasa da, keçmiş arvadı və qızı İngiltərəyə köçüblər:
“Fəxrəddin əvvəllər taksi fəaliyyəti ilə məşğul olsa da, sonradan insult keçirdiyinə görə heç yerdə işləmədi. Narkotik vasitələr qəbul etməyə başlamışdı. Boşanandan sonra kirayədə yaşayırdı. Ravil adlı tanışı onunla birlikdə qalırdı. Fəxrəddin tez-tez evimə gəlirdi, müxtəlif vaxtlarda maddi ehtiyaclarını qarşılamaq üçün qardaşıma pul verirdim. Axırıncı dəfə martın 28-də gələn Fəxrəddinə cəmi 7 manat pul və bir qədər şirniyyat verdim. Hadisə barədə aprelin 2-də Saşa adlı şəxslə “Whatsapp’’ vasitəsilə əlaqə saxlayarkən məlumat aldım. Saşa Suraxanı rayonu ərazisində Fəxrəddinin qaldığı evin yaxınlığında yaşayırdı və qardaşım bir neçə dəfə həmin şəxsin telefonundan zəng edərək, məndən pul istəmişdi. Fəxrəddin yalan danışmaqla, məndən dəfələrlə kirayə haqqı vermək adı ilə pul almışdı. Amma sonradan dəqiqləşdirmişəm ki, Ravil evində yaşaması müqabilində Fəxrəddindən pul almayıb, hətta imkanı daxilində ona köməklik göstərib”.
Şahid Parvaz Abduyev ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 568, mənzil 6-da yaşayır:
“Qonşuluqda yaşayan Ravil əvvəllər məhkumluq həyatı yaşayıb. Onun evinə daima tanışları gəlib-gedib, içki içib, səs-küy salıblar. Ravilin bacısı Rasimə bir neçə il əvvəl spirtli içkidən xilas olması üçün onu Respublika Narkoloji Mərkəzinə yerləşdirib. Hadisə günü saat 10 radələrində yaşadığım evdə olanda, Ravil yanıma gəlib, ona “içəridə adam ölür, tez təcili tibbi yardıma zəng vur” sözlərini dedi. Mən isə, cavab olaraq telefonumun balansında pul olmadığını bildirdim və başqa qonşulara müraciət etməsini məsləhət gördüm. Bir qədər sonra Təcili yardım maşınının səsini eşitdim. Küçəyə çıxandа həkimlərin Ravilin evinə girdiyini gördüm. Bundan sonra işə getdim və hadisə ilə maraqlanmadım. Qonşumun evində yaşayan Fяxrəddin Əsədovu tanımırdım”.
Məhkəmə iclasında Ravil Baybəyov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını və ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Ravil Baybəyovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravil Baybəyov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.
www.102info.az