Oxu.Az olaraq günün birinci yarısında dərc etdiyimiz olduqca tutarlı və həqiqətə söykənən “Həmişə “üç meymun”u oynayan ABŞ səfirliyi hansısa QHT-ni niyə Zəngilana göndərib?” başlıqlı yazımız məqalədə iç üzü nümayiş olunan dairələr tərəfindən “narahatlıqla” qarşılanıb.
Məhz bu səbəbdəndir ki, artıq sözügedən yazı ilə bağlı redaksiyamızın ünvanına zənglərin ardı-arası kəsilmir. Təbii ki, hər hansı mövzuda faktlara söykənən yazının hər kəsi sözün əsl mənasında qane etməsi mümkünsüzdür və media ictimaiyyəti bu cür narazılıqlarla vaxtaşırı qarşılaşır. Ancaq gərək ki, narazı tərəfin də əlində hansısa arqumenti olsun…
Yoxsa əsaslı sualların ünvanlandığı yazımıza heç bir tutarlı cavab tapa bilməyərək öz çarəsizlikdən doğan qəzəblərini, kinini qusmağa çalışan dairələrin “narahatlıqları”, daha dəqiq desək təhdidləri yolverilməz hesab olunmalıdır.
Bəli, Oxu.Az-ın sırf Azərbaycanın dövlət maraqlarından çıxış edərək təqdim etdiyi və haqlı, ədalətli sualların ortaya qoyulduğu yazısı sözügedən dairələr tərəfindən intensiv təzyiq cəhdlərinin başlanmasına səbəb olub. Üstəlik, bu təzyiqlər bir qədər də məqsəd və məramını aşaraq təhdid şəklini alıb ki, bunun da nəticəsində hətta Oxu.Az saytının tərkibində olduğu “Global Media Holding”in bir neçə əməkdaşının ünvanına bir çox hədə-qorxu zəngləri, ismarışlar daxil olmağa başlayıb.
Yazıda sualların birbaşa olaraq ünvanlandığı “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin idarəçisi Fəxrəddin Həsənzadə isə redaksiyamızın ünvanına təhdidlərin başında dayanır.
Görünür, Azərbaycan Respublikası ərazisində azad mətbuatın fəaliyyətindən xəbərsiz olan, dövlətin media azadlığının birbaşa təminatçısı olduğunu bilməyən və arxasında dayanan qüvvələrin bu amildən üstün olduğunu zənn edən sözügedən şəxs söz azadlığını boğmaq iqtidarında olduğu düşüncəsinə qapılıb.
Üstəlik, təəssüf hissi ilə deməliyik ki, bu prosesdə Fəxrəddin Həsənzadə heç də tək deyil. Görünür, aralarındakı münasibətlərində müəmma sezilən ABŞ səfirliyinin də maraqları Fəxrəddin Həsənzadə adlı şəxsin maraqları ilə üst-üstə düşür. Bütün bunlara bir də müvafiq qüvvələrin yerli himayədarlarını da əlavə etdik də, Oxu.Az-ın layiqli və qətiyyətli mövqe ortaya qoyduğu yazıdan “narahat” olan çevrənin diametri olduqca genişlənir. Bəs maraqlıdır, Azərbaycanda azad mediaya təzyiq göstərmək düşüncəsinə qapılan bu şəxslərin arxasında hansı qüvvələr dayanır? Onları kimlər himayə edir? Hansı dairələr, yerli və xarici qüvvələr, bəlkə də, özünü məharətlə pərdələməyi bacaran məmurlar bu prosesdə söz azadlığının qatili imicinə bürünməyə cəhd göstərir? Təbii ki, bu dairələr və onların himayədarları hər kəsə bəllidir, elə günün birinci yarısında təqdim etdiyimiz materialda da ortaya qoyduğumuz suallar məhz həmin dairələrə ünvanlanmışdı ki, qarşılığı təhdid və şantajlarla dolu hücumlara çevrildi.
Oxu.Az olaraq bir daha qeyd etmək istəyirik ki, Azərbaycanda mətbuat azadlığı, söz azadlığının təminatçısı Azərbaycan dövlətidir. Azad və qüdrətli Azərbaycanda bu hüquqları pozmaq, dövlətin maraqlarına zidd addımlara cəhd göstərmək və bunun nəticəsiz qalacağını düşünmək sadəcə axmaqlıqdır. Saytımız söz azadlığı prinsiplərinə sadiq qaldığını və hər hansı bir yazının silinməsindən heç bir halda söhbət belə gedə bilməyəcəyini hansı qüvvələrə xidmət etdikləri hər kəsə bəlli olan bu dairələrə bir daha çatdırmaq istəyir.
Xarici himayədarların və yerli dəstəkçilərin hay-şüvən qoparması, azad medianı boğmaq, Azərbaycan dövlətinin qanunlarını heçə saymaq və daxili auditoriyaya nüfuz göstərmək cəhdləri əbəsdir.
Ataların bu nümunəyə uyğun gələn gözəl bir sözü var: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. İndi isə bir daha qeyd etmək istərdik ki, kimlərinsə bağırması, səsinin ən uca nöqtəsindən pafoslu sözlər və ifadələr deməsi, özünü Azərbaycan qanunlarının üzərində görmək cəhdləri bütün hallarda iflasa məhkumdur. Təhdid və hədə-qorxu doğrunun bağrının yarılmasına deyil, əksinə həqiqətin riyakarları, onun qarşısında düşmən tək dayananları nə qədər incitdiyinə dəlalət edir. Həqiqət kimlərisə incidirsə, demək doğruların zəfəri şübhəsizdir. Odur ki, heç bir təhdid və hədə-qorxu bizi doğru yoldan döndərə bilməz!
www.102info.az