Şuşada qalıqları tapılan şəhid Adil Niftəliyevin bacısı: “31 ildən sonra onu doğma kəndində dəfn edəcəyik”

Cəmiyyət


“Torpaqlarımız işğaldan azad olunandan sonra özümə söz vermişdim ki, gedib Şuşadan, qardaşım şəhid olan yerdən bir ovuc torpaq gətirib onun üçün qəbir düzəldəcəm. Amma ötən gün bizə 31 ildir yolunu gözlədiyimiz qardaşımız Adil Niftəliyevin qalıqlarının tapıldığı barədə məlumat verdilər. İndi hamı bizə gözaydınlığı verir. Nəhayət ki, gözümüz yollardan çəkilər. Yaxın günlərdə qardaşımızın qalıqlarını doğma kəndində torpağa tapşıracayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bu sözləri APA-ya Birinci Qarabağ müharibəsində Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan, amma meyiti 31 il sonra aşkarlanan şəhid Adil Niftəliyevin bacısı Qızılgül Niftəliyeva söyləyib.

Adil Kamal oğlu Niftəliyev 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub.

Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib.

Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

“Qardaşım haqqında xəbəri 31 il sonra aldıq. Bizə bildirildi ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından bəzilərinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri də mənim qardaşım Adil Niftəliyevdir. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsində bizim ailə üzvlərimizlə görüş oldu. Yaxın günlərdə qardaşımın qalıqları gətirilərək kənd qəbiristanlığında dəfn olunacaq. Biz nəhayət 31 il sonra şəhid qardaşımıza qovuşacağıq. Bu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı qələbə sayəsində mümkün oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə şəhidin qardaşı Tofiq Niftəliyev bildirib.

Niftəliyevlər ailəsi bu gün Xaçmaz Şəhidlər xiyabanında şəhid Adil Niftəliyevin xatirə lövhəsini ziyarət edib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün Vətən oğullarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Bu barədə avqustun 18-də Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

Bildirilib ki, onlar Nurəli Hacıbaba oğlu Abdullayev, Nofəl Nəriman oğlu Qurbanov, Araz Bağı oğlu Rüstəmov, Gülverdi Ağahüseyn oğlu Hüseynov, Məhərrəm Abbas oğlu Abbasov, Adil Kamal oğlu Niftəliyev və Baba Balakişi oğlu Mikayılovdur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir