Təranə Cavadova: “Tütünün tərkibindəki kimyəvi maddələr ürək çatışmazlığını kəskinləşdirir” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


“Ürək çatışmazlığına gətirib çıxaran amillər içərisində koronar damar patologiyası ön sırada qalmaqdadır”.

Bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova deyib.

– Təranə xanım, ilk öncə bilmək istərdik ki, ürək çatışmazlığı nədir?

– Ürək çatışmazlığı ürəyin fəaliyyətinin pozulması və orqanizmin oksigen ehtiyacına olan tələbatını uyğun təmin edə bilməyən kliniki vəziyyətdir. Ürək qanı bədənin hüceyrələrinə çatdırır, ürək çatışmazlığı halında isə hüceyrələri kifayət qədər qanla təmin edə bilmir. Ürək çatışmazlığı həm kəskin, həm də xroniki xəstəliklərin dekompensasiya əlamətidir.

– Xəstəliyin gedişatı necə olur?

– Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki. Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə kəskin vəziyyətlər: ürək ritminin kəskin pozğunluğu, travma nəticəsində meydana çıxan ürək tamponadası, ürək qapaqcıqlarının vətər elementlərindən birinin qəflətən qırılması, infeksion miokardit, ağciyər emboliyası, kəskin miokard zədəsi. Kəskin gedişatda meydana çıxan bu patoloji funksional dəyişikliklərə orqanizm hazır olmadığına görə ürək çatışmazlığının kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlamış olur.

Xroniki ürək çatışmazlığı isə bir aydan bir neçə ilə qədər müddətdə inkişaf edərək uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə (ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması, qan həcminin artması) xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır. Orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya mərhələsi başlayır, ödem və dispnoe (təngnəfəslik) kimi şikayətlər yaranır. Təngnəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərməyə başlayır.

– Xəstəliyin yaranma səbəbləri hansılardır?

– Xroniki ürək çatışmazlığı intrakardiak və ekstrakardiak səbəblərdən əmələ gələ bilər. İntrakardiak səbəblərə ürəyin işemik xəstəliyi, nəzarət olunmayan yüksək arterial təzyiq, ürək qapaqlarının zədələnmələri, anadangəlmə və qazanılmış ürək qüsurları, miokardit (ürək əzələsinin iltihabı – ürək əzələsini zəiflədən infeksiyalar, ürək əzələsinin xəstəlikləri (kardiomiopatiya), aritmiyalar (ürək ritminin pozulması), perikardin (yəni ürəyi xaricdən əhatə edən kisə) xəstəlikləri və s. aiddir. Ekstrakardiak səbəblərə isə amiloidoz (zülal mübadiləsinin pozulması və zülalın müxtəlif toxumalarda yığılması), ağciyər xəstəlikləri (emfizema, sarkoidoz), endokrin patologiyalar (məs. qalxanvari vəzin fəaliyyətinin artması (hipertireoz)), ağır anemiya (qanazlığı), kardiorenal sindrom, sistem xəstəlikləri və s. aiddir.

– İnsanları daha çox narahat edən damar tutulması ilə bağlı ağırlaşmalardır. Bu zaman da ürək çatışmazlığı yaranırmı?

– Ürək çatışmazlığına gətirib çıxaran amillər içərisində koronar damar patologiyası ön sırada qalmaqdadır. Bunlardan ürəyin işemik xəstəliyi (həmçinin, ürəyin tac damar xəstəliyi – kəskin və xroniki koronar sindrom da adlanır) ürək çatışmazlığının ən çox yayılmış səbəbidir. Bu zaman ürək əzələsini qan və oksigenlə təchiz edən tac damarlarının daralması nəticəsində qan axını azalır. Belə halda ürək əzələsi normal fəaliyyət göstərə bilmir. Ürək çatışmazlığı miokard infarktından (ürək tutması) sonra inkişaf edə bilər. Miokard infarktı zamanı zədələnmiş ürək toxumasını çapıq toxuması əvəz edir. Miokard infarktı səbəbindən zədələnmiş və çapıq toxuması ilə əvəzlənmiş ürək əzələsinin sahəsi nə qədər böyük olarsa, ürək fəaliyyəti də bir o qədər zəifləmiş olur.

– Ürək çatışmazlığının diaqnostikası asan olmayan növü varmı?

– Peripartum deyilən kardiomiopatiya (hamiləlik dövründə və ya doğuşdan sonrakı dövrdə (adətən ilk ayda) ürəyin sol mədəciyin nasos fraksiyasının azalması ilə irəliləyən bir ürək çatışmazlığı) xəstəliyi vardır ki, onun vaxtında aşkarlanmaması ciddi ürək çatışmazlığına gətirib çıxarır. Alternativ diaqnoz olmadığı halda, xüsusilə hamiləliyin son mərhələlərində və doğuşdan sonrakı ilk beş ayda ürək çatışmazlığı əlamətləri ilə müraciət edən hamilə qadınlarda nəzərə alınmalı olan diaqnozdur. Bu problemli prosesdə diferensial diaqnoz apararaq digər patologiyaları istisna etmək lazımdır. Bu kontekstdə ciddi təngnəfəsliyi olan hamilə qadın/ana mütləq kardioloqa yönləndirilməli və müayinə olunmalıdır.

– Peripartum kardiomiopatiyasının yaranma səbəbləri hansılardır?

– Xəstəliyin dəqiq mexanizmi məlum olmasa da, onun etiologiyası ilə bağlı viral miokardit, qida çatışmazlığı, autoimmunitet, hemodinamik stressə patoloji reaksiya, damar disfunksiyaları, hormonal zədələnmələr və genetik meyl də daxil olmaqla müxtəlif fərziyyələr müəyyən edilib.

– Əhəmiyyət verilməyən başqa hansı əlamətlər ürək çatışmazlığının inkişafına səbəb ola bilər?

– Bu gün spirtli içkilərdən xroniki şəkildə sui-istifadə edən insanlarda da belə hala təsadüf edilir ki, buna alkoqol kardiomiopatiyası deyilir. Alkoqolun səbəb olduğu kardiotoksiklik ürəyin yığılma funksiyanın itirilməsi və ürək mədəciklərinin genişlənməsi ilə xarakterizə olunan qeyri-işemik dilatasiya olunmuş kardiomiopatiyaya – ürək çatışmazlığına gətirib çıxarır.

Qeyd edim ki, xəstəliyin diaqnozu erkən qoyulduğu təqdirdə, eyni zamanda spirtli içkilərin qəbulu dayandırılırsa ürək funksiyasının bərpası mümkündür. Pasiyentləri həkimə gətirən ən böyük səbəb ilk olaraq xroniki yorğunluqdur. Pasiyent əvvəl rahatlıqla gördüyü işin öhdəsindən gələ bilmir. Ayaqlarda ödemlər, gecələr yatdıqda boğularaq oyanmalar, adi fiziki hərəkətdə təngnəfəslik, yuxulama, qarında köp, qaz toplanma, bir az yemək yeyən kimi ürəkdöyünmənin artması müşahidə ediləcək.

Yarana bilən simptomlar ürək çatışmazlığının növündən də asılıdır. Sol tərəfli ürək çatışmazlığı təngnəfəslik əmələ gətirə bilər.

Adətən, təngnəfəslik xəstə özünü həddindən artıq yoranda (məsələn, yüksəkliyə, ya da pilləkənlə qalxanda, sürətlə yeriyəndə) və ya çarpayıda uzananda daha da artır. Nəfəs çatışmazlığı öskürəklə müşayiət oluna bilər.

Sağ tərəfli ürək çatışmazlığının əsas simptomu isə topuqların və ayaqların şişkin olmasıdır.

– Ürək çatışmazlığının ağırlıq dərəcəsi necə qiymətləndirilir?

– Ürək çatışmazlığının bir neçə dərəcəsi var. Birinci mərhələdə fiziki fəaliyyətə heç bir məhdudiyyət yoxdur. Adi gündəlik fiziki məşğulluq təngnəfəslik, ürəkdöyünmə kimi əlamətlərsiz ötüşü. İkinci mərhələdə isə gündəlik fəaliyyətlərdə yüngül fiziki məhdudiyyətə rast gəlinir. Sakit vəziyyətdə heç bir şikayət olmur. Adi gündəlik fiziki məşğulluq təngnəfəslik, ürəkdöyünmə kimi əlamətləri üzə çıxarmış olur. Üçüncü mərhələdə fiziki fəaliyyətdə ciddi məhdudiyyət, lakin sakit vəziyyətdə heç bir şikayətin olmamağı özünü göstərir. Cüzi fiziki məşğulluq təngnəfəslik, ürəkdöyünmə kimi əlamətləri dərhal üzə çıxarmış olur. Dördüncü mərhələdə isə istər cüzi fiziki məşğulluq, istərsə də tam sakitlik zamanı təngnəfəslik, ürəkdöyünmə kimi əlamətlər özünü göstərir.

– Ürək çatışmazlığının müalicəsi barədə məlumat verərdiniz…

– Xəstələrin müalicəyə ciddi yanaşması çox vacibdir. Xəstə hər zaman həkim nəzarəti altında olmalıdır. Dərman müalicəsi ilə yanaşı, ilk növbədə pəhrizə diqqət yetirilməlidir. Xəstənin çəkisi çox olduğu halda, arıqlamaq ürək çatışmazlığı riskini azaltmağa kömək edə bilər. Duz mayenin toplanmasına səbəb olduğundan, pəhrizdə duzun miqdarını minimuma endirmək lazımdır. İkinci məqam tütünçəkmədən imtinadır. Çünki, tütünün tərkibində olan kimyəvi maddələr qan damarlarını daraldır. Bu da ürək çatışmazlığını daha da pisləşdirir. Üçüncü məqam idman və fiziki aktivlikdir. İdman və ya fiziki fəaliyyətin intensivliyi xəstənin vəziyyətindən asılı olaraq fərdi qaydada müalicə həkimi tərəfindən müəyyən edilir. Ən nəhayət, immunizasiyanı qeyd edə bilərik. Hər il qrip və pnevmoniya törədicisi olan pnevmokok bakteriyalarına qarşı peyvənd almanız tövsiyə edilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir