Avqustun 21-də Bakı Konqres Mərkəzində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) I Hesabat-Seçki konfransı keçirilib.
Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə ASAP-ın sədri Heydər Ağayev açaraq qonaqları salamlayıb və ASAP-ın yaranma tarixindən danışıb.
ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli hesabat nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması xarici universitetlərin azərbaycanlı tələbə və məzunlarını bir arayan gətirən, onların şəxsi, peşəkar, təhsil və sosial fəaliyyətlərini dəstəkləyən, xarici icmalara inteqrasiyasını təmin edən şəbəkədir:
“Əsas missiyamız beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etmək, gənclərimizin xarici icmalara müsbət təsirini artırmaq üçün onları lazımi bilik və bacarıqlarla təmin etməkdir. ASAP-ın fəaliyyəti üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yürütdüyü gənclər siyasəti hər zaman yol xəritəsi olub. Belə ki, gənclər siyasətinin əsasını Azərbaycan gənclərinin dövlət quruculuğunda fəal iştirakı, cəmiyyətin inkişafında gənclərin rolu, vətənə sadiq və beynəlxalq təmsilçilikdə fəal iştirakçılar kimi yetişməsi üçün olan proqram və mexanizmlərin təşviqi təşkil edir. Bu xüsusda, ASAP fəaliyyəti boyunca dünyanın müxtəlif ölkələrində beynəlxalq təmsilçiliyimizə töhfə vermək məqsədilə fəal gənclərdən ibarət nümayəndəliklər yaradıb. Belə nümayəndəliklərin sayı 11 olmaqla, Türkiyə, Almaniya, ABŞ, Macarıstan, Polşa, Avstriya, Niderland kimi ölkələrdə öz fəaliyyətini davam etdirir. Cari dövr ərzində ASAP tərəfindən mindən çox tədbir, görüş keçirilib, 11 xarici ölkədə nümayəndəlik qurulub, 35 xarici universitetlə yeni əlaqələr yaradılıb. ASAP 12 məzun birliyini öz ətrafına cəmləyərək, 42 xarici ölkədə müxtəlif formatlı 61 tədbir keçirib”.
Qeyd olunub ki, ötən dövr ərzində 27 ölkədən səkkiz mindən çox tələbə və məzun ASAP-a üzv olub.
Daha sonra 2021-2023-cü illərdə görülən işlərə və platformanın fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.
Ardınca Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov çıxış edərək, gənclərin cəmiyyətdəki rolundan söz açaraq, ASAP-ın son seçki ili ərzindəki fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov da çıxışında ASAP-ın Gənclər Fondu ilə birgə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cəbi Quliyev, Vüqar İskəndərov, Müşfiq Cəfərov, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor vəzifələrini icra edən, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və başqa rəsmi şəxslər çıxış edərək ASAP-ın fəaliyyətinə uğurlar arzulayıblar.
Sonda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. ASAP-ın yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra sədr və sədr müavini vəzifəsinə namizədlərin adları onlayn formada elan olunaraq seçkilər keçirilib. Fariz İsmayılzadə sədr, Rafael Hacıbəyli isə sədr müavini seçilib.
Sonda yeni sədr Fariz İsmayılzadə çıxış edərək göstərilən etimada görə təşəkkür edib.
www.102info.az