“Koronavirus infeksiyasının başladığı müddətdən indiyə qədərki proseslərə diqqət yetirdikdə bəlli olur ki, virus davamlı şəkildə mutasiya keçirir. Bu mutasiyalar yoluxma sayının artması və xəstəliyi törətmə intensivliyinin enməsi istiqamətində baş verir”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. O qeyd edib ki, davamlı mutasiyaların nəticəsində koronavirus hazırda yuxarı tənəffüs yollarında xəstəlik törədən, amma insan orqanizmi üçün əvvəlki qədər ciddi təhlükəli patologiyalar yaratmayan xəstəliyə çevrilib:
“Bu onu göstərdi ki, mutasiyalar artıq insan orqanizmi tərəfindən qəbul olunan və tipik yuxarı tənəffüs yollarının xəstəliklərini törədən virus kimi irəliləyir. Bu baxımdan biz COVID-19-a yanaşmamızı belə istiqamətdə qurmalıyıq. Yoluxmaların sayının artması intensiv xəstəlik yaratma ehtimalını daha çox gündəmə gətirir. Yəni yoluxmaların sayının çox olması etibarilə yeni mutasiya təhlükəlidir, xəstəliyin gedişatı etibarı ilə isə nəzarət altına alınandır.
Təbii ki, hər ehtimala qarşı ciddi problemlərə səbəb ola biləcək məqamlar nəzərdən qaçırılmamalıdır. Aşağı ehtimal olsa da, koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiyası mümkündür. Ona görə də biz standart olaraq, bu tipli viruslar üçün xarakterik olan yoluxma mənbələrini araşdırmalı, mexanizmləri, onların aradan qaldırılması üçün profilaktik tədbirlərimizi görməliyik. Mövsümi olaraq qrip peyvəndlərini zamanında etməliyik. Orqanizmimizi, xüsusilə, soyuq aylarda möhkəm saxlamalı, yoluxmanın qarşısını almaq üçün immuniteti möhkəmləndirən prosedurlardan istifadə etməliyik. Paralel olaraq, gigiyenik tədbirləri görməliyik ki, yoluxmaların həm sürəti, həm də insan orqanizmində patologiya yaratması ehtimalı aşağı olsun. Yoluxmaların intensivliyinin artması müşahidə olunsa, təbii ki, revaksinasiya ehtimallarını nəzərdən keçirmək olar”.
Qeyd edək ki, bu yaxınlarda koronavirusun EG.5 adlı yeni ştammı müəyyən edilib və bütün dünyada yoluxmaların sayı durmadan artır. EG.5 variant infeksiyalarında artım, əsasən, ABŞ, Avropa və Qərbi Sakit okean regionunda müşahidə olunur. ÜST nümayəndələri bu tendensiyanın davam edəcəyini və dominant ştammın payızda zirvəyə çatacağını proqnozlaşdırırlar.
Aysel Aslan
www.102info.az