Xətai rayonunda tikinti aparan şirkət yük maşınlarının hərəkəti üçün xüsusi icazə alıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O qeyd edib ki, həmin ərazidə tikilməkdə olan bina xüsusi təyinatlı olduğundan, tikinti şirkətinə rəsmi icazə verilib.
15:06
Bakının Xətai rayonunda yük avtomobilləri qadağan edilən saatlarda hərəkət edirlər.
Oxu.Az xəbər verir ki, Afiyəddin Cəlilov və Ayaz İsmayılov küçələrinin kəsişməsində qeydə alınan vəziyyət haqqında sakinlər redaksiyamıza müraciət ediblər.
Görüntülərdən aydın olur ki, betonqarışdıran avtomobillərin aktiv yolda maşınların hərəkət etdiyi vaxtda iş aparması təhlükəli vəziyyət yaradıb.
Yük maşınlarının qayda pozuntusunun əks olunduğu kadrları təqdim edirik:
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə səkkiz tondan artıq olan yük avtomobillərinin saat 07:00-dan 22:00-dək, yanacaqdaşıyan yük avtomobillərinin isə saat 06:00-dan 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.
Həmçinin, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri saat 07:00-dək, yanacaqdaşıyan yük avtomobilləri isə saat 06:00-dək şəhəri tərk etməlidirlər.
Aysel Aslan
www.102info.az