Azərbaycanda bütün dərdlərin dərmanı “evlənməkdir!”

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Bu gün bu yazını yazmağa məni vadar edən sosial şəbəkələrin birində qadınlara aid qapalı qrupda çox çətin vəziyyətdə olan qadının digər qadınlardan kömək istəməsi oldu. 

Qadın qısaca həyat hekayəsini yazır ki, beş illik uğursuz evlilikdən sonra dörd yaşlı qızıyla valideynlərinin yanına qayıdıb. Qayıtması ilə ana-atasının onu və övladını gözümçıxdıya salması da bir olub. Uşaq, yəni nəvə nadinclik edən kimi uşağın atasına verilməsini tələb edən ana-ata (nənə-baba), vaxtilə qızlarını da 19 yaşında ərə veriblər. Ona nə peşə, nə də təhsil veriblər. Qadın daha sonra bildirir ki, 19 yaşına kimi valideynləri onu daim təhqir edib və alçaldıblar. Bu gün də ondan evi tərk etməsini tələb edirlər. Qadının yazdığına görə sığınacağa getmək istəyib, lakin sığınacaqda ona yardım etməkdən imtina ediblər. 

Qapalı qrupda isə bir neçə qadın artıq ona yardım etmək istədiyini, hətta bir evdə qalmağa razı olduqlarını yazıblar. 
Digər qadınlar isə düşünürlər ki, bu kimi hallar (valideyn təzyiqi) təhsilsiz, peşəsiz və işsiz olan qadınların digər yollara düşməsi üçün şərait yaradır. Bu isə seks işçisindən tutmuş, narkotik satışına kimi geniş sahəni əhatə edə bilər. Hətta bu kimi qadınların insan alverinin qurbanı olması da çox geniş yayılan nümunələrdəndir. 

Əslində bu kimi müraciətlərə demək olar ki, hər gün rast gəlirik. Bəzən bu kimi müraciətlər o qədər çox olur ki, artıq onların mahiyyətinə varmırıq. Gündəlik xəbər kimi oxuyub keçirik. 

Bəs bu bədbəxt qadınlar nə etməlidir? 

Beləliklə, bu gün cəmiyyət gənc qızlara təhsil, peşə verməməklə, onları bəzən erkən nikaha, bəzən isə daha böyük yaşda məcburi ailə qurmağa vadar edərkən sonrakı risklər hesablanmır. Bu qızlar çox zaman sosial, fiziki, mənəvi cəhətdən müdafiəsiz qalaraq faciəvi sonluqla qarşılaşırlar. Döyülmə, söyülmə, ac qalmaq onlar üçün adi həyat tərzinə çevrilir. 

Ya da, boşandıqdan sonra əri və ər qohumlarının, bəzən də öz yaxın qohumlarının (qardaş, dayı, əmi, ata) təhdidi, müəyyən hallarda sui-qəsdinə məruz qalırlar. Bunun da hansı sonluqla bitməsi hər birimizə məlumdur. 

Ən son yadımda qalan, elə bir neçə həftə əvvəl əri tərəfindən qətlə yetirilən gənc qadının videomüraciətidir. Məişət zorakılığından əziyyət çəkən qadın videomüraciətdən iki gün sonra əri tərəfindən qətl edildi. Bu hadisələrin fonunda son zamanlar Azərbaycanda ailələrin dağılması və ya boşanma sayı da durmadan artır.

Bu ilin ilk yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Bu ancaq rəsmi statistikadır, yəni qeydiyyata alınan nikah və boşanmaların rəqəmi. Nəzərə alsaq ki, kifayət qədər qeydiyyatda olmayan münasibətlər də var. Demək ki, əsl rəqəmlər bəlli deyil. Biri də var ailə – formal olaraq artıq uzun illərdir ki, mövcud deyil, amma kağız üzərində hələ də mövcuddur.  

Bəs bu qədər boşanmanın bir səbəbi olmalıdır axı? Ailə institutu niyə dağılır?

Azərbaycanda ailə hər zaman patriarxal quruluşa malik olduğu üçün ailədə əsas söz haqqı və hakimiyyət kişilərə məxsus olub. Bu gün bu tendensiya nə qədər gündəmdədir, o barədə bir söz demək çətindir. Amma görünən odur ki, cəmiyyətdə nələrsə çox sürətlə dəyişir. Bu yaxşıdırmı, pisdirmi, zamanla biləcəyik. 

Bəs boşanmaların əsas səbəbi nə göstərilir?

Araşdırmaların nəticələrinə görə, Azərbaycanda ilk yerdə məişət zorakılığı göstərilir. Elə bizim bayaqdan dediyimiz məsələ. Siyahıda daha sonra sonsuzluq, alkoqol, narkotik və digər asılılıqlar və ən sonda isə xəyanət qeyd olunub.  

Gəlin razılaşaq ki, göstərilən səbəblərin hər biri zorakılıqdır. Ya fiziki, ya da mənəvi. 

Məişət zorakılığı üzərindən qısa keçid etsək, son zamanlar KİV-dən və sosial şəbəkələrdən aldığımız məlumata əsasən məişət zorakılığı zamanı qadının ərindən savayı bu prosesdə ərinin qohumlarının iştirakı da göstərilir (qayınata, qayınana, baldız, qayın və s.). Bu, həm fiziki, həm də psixoloji zorakılıq ola bilir.

Bir çoxları bu gün də bu kimi işlərin “ailədaxili” məsələ olduğu üçün, bunun boşanmaq üçün səbəb olmadığını düşünürlər. Hələ də Azərbaycanda çoxları düşünür ki, “biz dözüb ərdə oturmuşuq, cavanlar da oturmalıdırlar”. 

Qadın sığınacaqlarına müraciət edən, məişət zorakılığından qaçan qadınları çox zaman öz ailələri qəbul etmir. Yəni bioloji ana-ata. Sosial şəbəkələrdə də gənc qadınların çoxu məişət zorakılığı, xəyanətlə rastlaşdıqlarına baxmayaraq, gedə biləcəkləri yer olmadığı üçün zorakılıq törədənlə bir evdə yaşamağa məcbur olurlar. 

Qadınlar, öz ailəsinin ona sahib çıxmaması və çox zaman ona təhsil verməməsi barədə danışır, bildirirlər ki, “ailələri onları qız övladı olduğu üçün başlarından edərək ərə veriblər”.

Təhsili, peşəsi olmayan qadın isə özünü və uşaqlarını təmin edə bilməyəcəyinə görə tiran ər və ya qayınana-qayınatanın dediyi ilə razılaşmalı olur. Və beləliklə məişət zorakılığından həm qadın, həm onun övladları əziyyət çəkirlər. 

Vacib qeyd: Bəzən ərin ailənin maddi öhdəliklərini yerinə yetirə bilmədiyi üçün və bütün xərcləri oğlanın valideynləri çəkdiyi üçün məhz onlar da gənc ailədə söz sahibi olurlar. Burada ikinci məsələ yaranır, madam ki, bu gənc kişi ailə saxlaya bilməyəcəkdi, o zaman niyə evlənirdi? Niyə həm özünü, həm də gənc ailə üzvlərini çətinə salırdı? Təəssüf ki, Azərbaycanda bütün dərdlərin dərmanı “evlənməkdir!”. “Evlən düzələcək” resepti bütün xəstəliklər və problemlər üçün keçərlidir. 

Son illərdə bəzi qadınların ərindən uşaqları ilə birgə qaçması və ya uşaqlarla birgə intihar etməsi və ya intihara cəhd hallarını da görürük. Bu halların geniş vüsət alması isə bizi narahat etməlidir. 

Bəs dövlət və ya qeyri-dövlət təşkilatları bu istiqamətdə hansı işləri görür? 

Dövlət qurumları çox zaman bu kimi narahat suallara “bizdə kifayət qədər resurs və imkanlar olmadığı üçün, manevr imkanlarımız məhduddur” deməklə yaxalarını bir tərəfə çəkməyə müyəssər olurlar.

Qeyri-hökumət təşkilatlarının işi isə çox zaman regionlarda aparılan sorğu, məişət zorakılığının şiddət və sayının müəyyən olunması, maariffləndirmə işlərindən o tərəfə getmir. Onlar da edə bildiklərinin bu qədər olduğunu bildirirlər. 

Düşünürəm ki, gənc qızların təhsildən yayınması halı dövlət və qurumlar tərəfindən maksimal dərəcədə nəzarətdə saxlanılmalı, istedadlı qızların dövlət və qeyri-dövlət qurumları tərəfindən dəstəyi tam təmin olunmalı, onların bütün hallarda yüksək səviyyəli təhsil almaları həyata keçirilməlidir.  

Bir qədər aşağı göstəricilərə malik gənc qızların peşə əldə etmələri üçün bütün imkanlar səfərbər olunmalıdır. Qadınlar nə öz valideynlərindən, nə də ərinin valideynlərindən asılı qalmalı deyil. Bir parça çörək və dam üçün ərinin fiziki və mənəvi zorakılığına qarşı susub dözməli deyil. 

Ailədaxili, məişət zorakılığına qarşı qanunların daha sərtləşdirilməsi və qanun qarşısında məsuliyyətin daha yüksək olması üçün təcili tədbirlər görülməlidir. 

Qadına istər ailədə, istərsə də kənarda əl qaldıran hər kəs qanun qarşısında ən sərt qaydada cavab verəcəyini anlamalı və bunun oyuncaq olmadığını qəbul etməlidir. 

Əgər ən qısa zamanda bu problemin həlli üçün dövlət və cəmiyyət olaraq bir iş görülməsə yaxın 10 ildə bizi çox faciələr, qadın və uşaq cinayətkarlığının yüksəlməsini görəcəyik. Çünki əksərən narkotik istifadə edən qadının övladı da narkoman olacaq, oğru olan ana övladını da o yola çəkəcək və s. 

Düşünürəm ki, gənclərə evlənmək və ya ərə getmək üçün təzyiq göstərən cəmiyyət ilk növbədə bu gənclərə (oğlan, qız fərqi yoxdur) yüksək təhsil, keyfiyyətli işlə təminatı üçün əlindən gələni etməli, müvafiq qurumlardan bunun icrasını tələb etməlidir. 

Sosial cəhətdən dayanıqlı olan gənclərin qurduğu ailə də mütləq möhkəm olacaq. Boşanmanın digər səbəbləri ilə bağlı isə araşdırmanı növbəti yazıda oxuya biləcəksiniz.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir