Sənətçi: “İnsanlar qan, ana südü, diş, saç gətirib, aksesuar hazırlatmaq istəyirlər” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


Gənc səyahətçi Toğrul Nəcəf mebel ustası olsa da, təbiətə sevgisi, bitkilərə, çiçəklərə olan marağı ilə həmişə diqqət çəkib. O, bir neçə il öncə bu həvəsini “təbiəti üzərinizdə hiss edin” ideyası ilə xüsusi əl işlərinə çevirməyi qərara alıb. Hazırladığı aksesuarlarda istifadə edilən çiçəklərin, demək olar, hamısını Azərbaycanın müxtəlif bölgələrindən, dağlardan, meşələrdən toplayır, bitkilərin gözəlliyini hər kəsə ötürməyə çalışır.

Oxu.Az çiçəkləri epoksid qatranının köməyi ilə sənət əsərinə çevirən Toğrul Nəcəflə müsahibəni təqdim edir:

– Toğrul bəy, çiçəkləri toplamağa, onları əl işinə çevirməyə həvəsiniz necə yarandı?

– Hər zaman təbiətə qarşı çox böyük sevgim, həvəsim olub. Haradasa üç-dörd il bundan əvvəl təbiətə olan sevgimi təbiətin içində yaşamaq üçün hərəkətə keçdim. Bölgələrə gəzintilər, təbiət qoynunda çadır düşərgəsi, meşələrdə gecələmək, yeni səfalı yerlər kəşf etmək ən sevimli məşğuliyyətimə çevrildi. Bundan sonra dağlarda, meşələrdə, çay-göl kənarlarında görüb, topladığım çiçəklər marağıma səbəb oldu. Yavaş-yavaş çiçəklərdən nə isə yaratmağa cəhd edirdim. Fikirləşirdim ki, insanlar bu gözəllikləri ancaq meşələrdə, kəndlərdə, yaxud hansısa gül salonlarında yox, öz üzərlərində hiss etməlidirlər. Yəni toxunmaq, çantasını açıb baxanda çiçəyi görmək, üzərində çiçəkdən aksesuar gəzdirmək cəlbedici ideya kimi gəlirdi. Həmin fikirlərlə bir şüar ağlıma gəldi: “təbiəti üzərinizdə hiss edin” deyərək, epoksid qatranı ilə çiçəklərdən aksesuarlar hazırlamağa başladım.

– Qüsursuz əl işləri hazırlamağı qısa müddətdə öyrənə bildiniz? Yoxsa çətin oldu?

– Təxminən üç il əvvəl əl işləri hazırlamağa başlamışam. İlk altı ayda haradasa 250-yə yaxın tam ürəyimcə hesab etmədiyim, təcrübə saydığım aksesuar hazırlamışam. Onda çiçəkləri tam quruda bilmirdim, epoksid qarışığının tərkibini alındırmaq çətin olurdu və s. 200-dən çox aksesuarı ziyan edəndən sonra istədiyim kimi əl işləri alındı.

Bir şeyi də qeyd edim ki, o zamanlar Azərbaycanda bu sahə yox dərəcəsində idi. Sosial şəbəkələrdə, internetdə bu haqda videolar da yoxdur. Ona görə əcnəbilərin videolarına baxırdım, öyrənmək üçün onlardan istifadə edirdim.

– Öz peşəniz nədir?

– Mebel ustasıyam. Emalatxanada yumşaq mebel, divan-kreslo hazırlayırdım. Amma zamanla aydın oldu ki, bu, mənim tərzimdə olan iş deyil. İstədiyim öz işimi yaratmaq, biznesə çevirməkdir. Qısaca desək, mebel ustası olmuşam, sonra turist, hazırda isə əl işləri hazırlayan kiçik sahibkar.

– İlk dəfə hansı çiçəkdən aksesuar hazırlamısınız?

– Həmin çiçəyin adını hələ də bilmirəm. Marketə gedəndə yolda bir ağac qarşıma çıxdı, çiçəyi xoşuma gəldiyinə görə dərdim, heç qurutmadan aksesuar hazırlamağa çalışdım. Təbii ki, alınmadı, amma mənim üçün xatirəsi qaldı.

Ən çox aksesuar hazırladığım sərt karantin dönəmi olub. Mebel sahəsindəki işimdən ayrılmışdım, evdə sıxıntıdan nə edəcəyimi bilmirdim. Qardaşımın dostu epoksid qatranı ilə böyük əşyalar, masalar, stullar, suvenirlər hazırlayırdı və məni də həmin işə dəvət etdi. Sırf öyrənmək üçün onun emalatxanasında bir müddət işlədim. Mənə çox maraqlı gəldiyindən çiçəklərlə bu işi daha da genişləndirə biləcəyimi düşündüm. Karantində əlimdəki plastik qəliblərdən və çiçəklərdən istifadə edərək, davamlı olaraq aksesuarlar hazırladım. Çiçəkləri sənətə çevirmək sərt karantinin mənə bəxş etdiyi ən yaxşı ideya oldu.

– Hobbinizin məhsulunu satışa çıxarmağı necə qərara aldınız?

– Əslində, heç belə bir niyyətim olmayıb. Hələ də işin biznes sahəsi məni ciddi cəlb etmir. Amma hazırladığım aksesuarlarla nəsə etməli idim. Yəni 1 000-dən çox əl işini evimdə saxlamağım da bir az ağılsızlıq olardı. Amma ilk satışım da təsadüfən oldu. Əl işlərimi özümün sosial şəbəkə hesabımda paylaşmışdım. Bir nəfər almaq istədiyini yazdı. Çobanyastığı çiçəyindən boyunbağı hazırlamışdım və həmin şəxs onu aldı. İlk dəfə üçün qiymət deməyə də çox çətinlik çəkirdim, çünki bu haqda heç düşünməmişdim.

Çobanyastığı çiçəyi mənim üçün uğurlu olsa da, sonralar ondan hazırladığım əl işlərimin sayı azaldı. Çünki çox rahat istifadə edilə bilən çiçəkdir, rahat qurudulur, aksesuarda da gözəl görünür. Amma mən daha mürəkkəb kompozisiyalar hazırlamaq istəyirdim. Bir neçə çiçəyi birləşdirmək, yarpaqlardan, ləçəklərdən istifadə edərək, mürəkkəb əl işləri hazırlamaq istəyirdim. Ona görə buna daha çox yönəldim.

– İstifadə etdiyiniz çiçəklərin hamısını özünüz yığırsınız?

– 90 faizi öz yığdığım bitkilərdir. Rayonlarda düşərgələrdə olarkən, meşələrdə qalarkən mütləq çiçək yığıram. Bəzi bölgələrimizdə elə hündürlüklər var ki, ilin ancaq bəlli fəsillərində orada maraqlı, qeyri-adi bitkilər tapmaq olur. Daha çox aprel ayının sonu, iyun ayının əvvəlinə qədərki dövr çiçəklərin ən çox açdığı vaxtdır. Cənub bölgəsi bitkilərin rəngarəngliyi baxımından əlverişlidir. Amma şimal zonasında da gözəl çiçəklər əldə edirəm. Aksesuarlarda az istifadə etdiyim standart çiçəkləri isə dünya üzrə onlayn satış portallarından, başqa ölkələrdən sifariş edirəm. Lakin fikir verirəm ki, sifariş üçün mənə yazan insanlar da təbii çiçəkləri, öz yığdıqlarımı daha çox bəyənirlər. Ən çox satılan ozatamnus çiçəyidir. Azərbaycanda bitmir, ağ və çəhrayı olmaqla iki rəngi var. Rusiyadan toxumunu alıb, evdə özüm əkmişəm. Çiçək tam açmır, kiçik toxumlar formasında olduğundan qurudulması və istifadəsi rahat olur.

Zəncirotu çiçəyi də çox sevilir. Onu göstərə bilməyəcəyəm, çünki çox yüngül çiçək olduğundan saxlanılması çətindir, uçur. Zəncirotunu əldə edən kimi aksesuar hazırlayıb, saxlayıram.

Ən çox sevilən bitkilərdən biri də yoncadır. Amma onun da hazırlanması rahatdır. Sadəcə, yonca üçyarpaqlı və dördyarpaqlı olur. Dördyarpaqlı yoncanı tapmaq çox çətindir. Bu, həqiqətən, əsl tapıntıdır. Ona görə uğur simvolu hesab olunur. Belə inanc olduğundan dördyarpaqlı yonca ilə hazırlanan aksesuarların sifarişləri də çox olur.

– Aksesuarların eynisini dəfələrlə hazırlaya bilirsiniz?

– Yox. Həmişə aksesuar istəyənlərə də deyirəm ki, sosial şəbəkə hesabında paylaşdığım əl işlərinin əksəriyyətinin təkrarı yoxdur. Məsələn, çobanyastığı, yonca, qızılgül kimi bir çiçəkdən ibarət əl işlərini təkrar hazırlamaq olar. Amma müxtəlif çiçəklərdən ibarət kompozisiyaları eyni formada təkrar-təkrar hazırlamaq, demək olar, mümkünsüzdür. Mən ona görə fərqli çiçəklərdən, fərqli düzülüşlə, arasında toxumlar, yarpaqlar, çubuqlar qoymaqla tamam fərqli dizayn edirəm. Paylaşdığım hazır əl işlərinin əksəriyyəti təkrarsızdır. Bunu əvvəldən müştərilərə deyirəm.

– Cəhd edib, alındıra bilmədiyiniz çiçəklər olub?

– Əlbəttə. Bir müştərim sevdiyi xanım pion çiçəyini xoşladığına görə ona bu bitkidən hazırlanmış aksesuar hədiyyə etmək istəmişdi. Bu çiçək kiçik bir aksesuar üçün çox böyükdür, qəliblərə yerləşdirmək mümkün deyil. Hətta zanbaq, orxideya istəyənlər də olub. Mən onlara başa salmışam ki, istədikləri çiçəklər həm böyükdür, həm də bəzilərinin qurudulmağı o qədər də uğurlu alınmır. Məsələn, yasəmən çiçəyi ilə hazırlanan aksesuarlar çox istənilsə də, heç bir əl işində bu çiçəkdən istifadə edə bilmirəm. Çünki olduğu kimi qurudulması mümkün deyil, ləçəyin rəngi solur. Bu, hər bir çiçəyin tərkibindən, kimyəvi xarakterindən asılıdır.

Amma öz istədiyi bitkini gətirib, ondan aksesuar düzəltməyimi xahiş edənlər də olub. Bir xanım Qubadan dördyarpaqlı yonca dərib, gətirmişdi. Bu yoncanı tapmaq hətta mində bir ehtimaldır, özünə dedim ki, çox şanslısınız. Həmin yoncadan aksesuar hazırlayıb, təhvil verdim. Bu mənim üçün həm də təəccüblü məsələ idi. Çünki adətən, əl işlərimin 99 faizini bəylər almaq istəyir, xanımlara hədiyyə edirlər. Xanımın bunu özü üçün istəməsi mənə görə önəmli məqam idi.

– Kişilər, adətən, üzərlərində çiçəkli aksesuar gəzdirməyə meyilli olmurlar. Bəs onların istifadə edə biləcəyi nə isə hazırlamırsınız?

– Zəncirotu kimi bitkiləri bəylər də sevirlər. Bununla bərabər, dəniz modelləri də var, hansı ki, qum, dəniz ulduzu, balıqqulağı, kiçik daşlar və s. istifadə edərək, hazırlayıram. Həmin aksesuarlar üçün materialları da özüm dəniz kənarından toplayıram. Yeganə dəniz ulduzu, təbii ki, sünidir və sifarişlə gətirmişəm.

– Qeyri-adi sifarişlər almısınızmı? Qəti şəkildə imtina etdiyiniz istəklər nələr olub?

– Bəlkə də, yüzlərlə belə istəklər olub, imtina etmişəm. Məsələn, saçdan, ana südündən, uşağın çıxan ilk dişindən, qandan istifadə edərək, aksesuar hazırlatmaq istəyən insanlar olub. Bir nəfər mənə yazaraq demişdi ki, anası rəhmətə gedib, dişi ondadır və o dişdən epoksid qatranı ilə aksesuar hazırlatmaq istəyir. Başqa bir xanım yazıb, sevdiyi insanla özünün qanından aksesuar hazırlamağımı xahiş edib. Bu cür təkliflərə qəti şəkildə “yox” demişəm.

– Epoksid qatranı ilə işləməyiniz sağlamlığınıza ziyan vurur?

– Əlbəttə. Bu, kimyəvi maddədir. İnsan orqanizminə daxil olması ciddi fəsadlara yol açır. İşə yeni başlayanda birdən-birə səs tellərimdə, boğazımda narahatlıq olduğunu, öskürək yarandığını hiss etmişdim. Vəziyyət ciddiləşdikdə, nəfəs almağım çətinləşdikdə həkimə getdim, müayinədən keçdim. Həkim hansısa kimyəvi maddənin təsirinə məruz qaldığımı, bunu aydınlaşdırıb, müalicə yazacağını dedi. Ona işimi izah edəndən sonra hər şeyi anladı və maska-əlcəklə, eynək taxaraq, fasilələrlə işləməyi məsləhət gördü. Bu hadisədən sonra ciddi diqqət edirəm.

– Topladığınız çiçəklərdən ən maraqlısı hansı olub?

– “Unutma məni” çiçəyi. Bu çiçək Azərbaycanda çox sıx rast gəlinən bitki deyil. Cəmi iki kənddə – Yardımlıda Nisəqala kəndində və Lerikin Vizəzəmin kəndində görüb, dərmişdim. Qarşıma çıxan çiçəklərin adlarını və mənalarını dəqiqləşdirmək çox çətindir. Bəzi çiçəklər var ki, ancaq bölgələrimizdə, bəzi dağlarda, meşələrdə bitir. Çox zaman internetin köməyi ilə onları dəqiqləşdirmək mümkün olmur. Əksəriyyətini rusdilli bloqlardan oxuyub, izləyib, tapıram.

Rayonlarda yerli sakinlərlə görüşəndə də çiçəklərin çoxunun adlarını bilmədiklərini müşahidə edirəm. Sakinlər bitkilərin ən çox faydalı tərəflərinə diqqət yetirirlər. Məsələn, hansı bitki hansı sağlamlıq probleminə yaxşı təsir edir, hansı çiçəyi qaynadıb, necə içmək lazımdır və s. Ən sevilən bitki isə kəklikotudur. Kəndlilər çiçək topladığımı biləndə kəklikotu, üzərlik təklif edirlər ki, çiçəyindən, toxumundan aksesuar hazırlayım. Hətta bu marağım camaatın mənə bəzən “Mösyö Jordan” deyə müraciət etməsinə də səbəb olur. Bəzisi də: “A bala, o çör-çöpü neyləyirsən?” – deyə təəccüblənir.

Bir dəfə Bakıda “bit bazarı” adlanan ərazidə bir xalanın çoxlu otlar satdığını gördüm. Çiçəklərdən biri diqqətimi çəkdi, sarı rəngdə kiçik, qurudulmuş bitki idi. Almaq istədiyimi bildirəndə satıcı xala bitkinin faydalarını saymağa başladı: “böyrəyə xeyirdir, dəmləyib içərsən, can dərmanıdır”. Xala nə bilsin ki, mən çiçəyi görünüşünə görə, aksesuarlarda istifadə etmək üçün alıram.

– Xarici ölkələrə göndərdiyiniz aksesuarlar olub?

– İndiyə qədər iki dəfə ABŞ-yə, 10 dəfədən çox Türkiyəyə poçtla sifariş göndərmişəm. Bir dəfə də Polşadan sifarişim olub, onu da hazırlayıb təhvil vermişəm. Sosial şəbəkələrin imkanları geniş olduğuna görə dünyaya çıxış şansı da yaxşıdır.

– Əl işlərinizi məşhurlar da bəyənirlər? Onlardan sifariş almısınız?

– Məşhurların əksəriyyəti əl işlərini reklam qarşılığında almaq istəyir. Mənə isə bu metod cəlbedici gəlmir. Auditoriyamın daha çox çiçəkləri sevən, sırf təbiətə, bitkilərə, əl işlərinə dəyər verən insanlar olmasını istəyirəm. Dediyim kimi, bu sahənin biznes tərəfi məni maraqlandırmır. Bir dəfə müğənni Təranə Qumralın qızı Qumral mənə yazmışdı. Düzü, mən həmin xanımı tanımırdım, müğənni olduğunu da bilmirdim. Beş ədəd aksesuar sifariş etmək istədiyini qeyd etdi və mən də ümumi məbləği yazdım. Amma o bunları reklam qarşılığında istədiyini bildirdi. Mən razılaşmadıqda cəmi bir aksesuarı aldı.

Amma mərhum aktrisa Tünzalə Əliyeva ölümündən bir-iki ay əvvəl qızı üçün “bulud kolleksiyası”ndan  sırğa-boyunbağı dəsti sifariş etmişdi. Aktrisanın durumunu bildiyimdən təmənnasız şəkildə bu aksesuarları ona göndərmək istədim. Amma o həm ödəniş etdi, həm də öz səhifəsində aksesuarları yayımlamışdı.

“Soyuq Günəş” filminin baş rol ifaçısı, aktrisa İranə Kərimovaya isə əl işlərindən birini hədiyyə etmək istəyirdim. Ona yazdım, çox səmimi şəkildə cavab verdi. Hədiyyə olaraq, qəbul edə bilməyəcəyini, amma işlərimi bəyəndiyini, gələcəkdə ödənişlə əldə edəcəyini dedi.

– Çiçəklərdən daha nələr düzəltmək istəyirsiniz? Bu sahədəki hədəfləriniz nədir?

– Kiçik aksesuarlardan böyük işlərə keçmək istəyərdim. Daha çox iri tablolar, masalar, suvenirlər hazırlamaq istəyərdim. Amma çox güman ki, bu məqsədləri Azərbaycanda reallaşdıra bilməyəcəyəm. Çünki bizdə əl işləri o qədər də maraq cəlb etmir. Təəssüf ki, insanlar bu cür əməyə dəyər vermək əvəzinə, daha ucuz əşyalara meyil edirlər. Amma mən gələcəkdə öz emalatxanamı qurub, bunu həm kiçik bir kafe, insanların istirahət edəcəyi məkan kimi, həm də əl işlərimin hazırlanma prosesini canlı göstərə biləcəyim, onları nümayiş etdirəcəyim yer kimi istifadə etmək istəyərəm.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir