Bakı metropoliteninin kollektivinə, metropolitenin həmkarlar hərəkatına ağır itki üz verib.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Metro inşaatında həmkarlar ittifaqı hərəkatının görkəmli xadimlərindən, ömrünün 45 ildən artıq bir dövrünü Bakının yeraltı yollarının tikintisinə həsr etmiş Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədr müavini Əlisəfa Məhəmməd oğlu Bağırov ömrünün 66-cı ilində vəfat edib.
Qeyd edək ki, 1957-ci il aprelin 17-də anadan olan Əlisəfa Bağırov gənc yaşlarından əmək fəaliyyətinə başlayaraq şərəfli ömür yolu keçib. Əmək fəaliyyətinə 1978-ci ildə Bakı metrosunun tikintisində sıravi işçi kimi başlayıb, sonralar bir çox yüksək vəzifələrdə çalışıb. 1980-ci illərin əvvəllərində ictimai işlərdə fəallığı nəzərə alınaraq, əvvəlcə 7 saylı, sonradan 2 saylı tunel-tikinti dəstələrində həmkarlar təşkilatlarına rəhbər təyin edilib. 1993-cü ildə “Azərtunelmetrotikinti” ASC-də Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilib və 2014-cü ilədək bu vəzifədə çalışıb. 2014-cü il sentyabrın 17-dən MİHİ sədrinin müavini vəzifəsində işləyib.
www.102info.az