Kubra Məhərrəmova yazır…
Hamı bilir ki, Xankəndidə acından ölən yoxdur. Hamısı sapsağlamdır.
BMT-nin iclasında Yaşar müəllimin (Azərbaycanın BMT-də daimi nümayəndəsi Yaşar Əliyev) göstərdiyi fotolarda olduğu kimi, yeyib-içib səhərə kim kef çəkirlər. Hələ tort da bişirib, ad günü qeyd edirlər. Arada bekar olanda da, “ay aman acından öldük” fotoları çəkdirirlər.
Sadəcə bir şeyi başa düşmürlər ki, gec ya tez “Laçın” sərhəd-buraxılış məntəqəsində (SBM) üstündə separatçı rejimin simvolu olan nərd taxtası müsadirə olunan kimi, bütün separatçılar da “müsadirə” olunacaq. Ya da sumbata kağızı ilə nərd taxtasının üstündəki gerbi özləri sürtüb təmizləyəcəklər. Həm də beyinlərindən təmizlənəcək.
Ermənilərin təcili yardım maşınının üzərinə vurduqları qondarma rejimi təbliğ edən banner sökülən kimi, yalançı “dövlət” də artıq sökülüb.
Çünki Xankəndi də, Ağdərə də, Şuşa da, Laçın da Azərbaycandır.
Amma Fransanın özünü yengə kimi aparması adama qıcıq verir.
Bütün dünya bilir ki, ermənilər Xankəndidə acından ölmür, amma Fransa israrla deyir ki, “yox, gəlinin belinə qırmızı lent bağlamaq lazımdır”. Özü də ikiqat. Həyasızlığın dərəcəsinə bax ki, TIR-lara mal vurub Azərbaycanın ərazisinə aparmaq istəyir. Özü də “toy gecəsinin yengəlik vəzifəsini Parisin meri Ann Hidalqo həyata keçirir. Özüylə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərlərini də gətirir. Görünür özü təkbaşına işin öhdəsindən gələ bilməyəcək deyə, özünə dəstək qrupu gətirir.
İndi bu “dəstə başçısı”nın niyyəti hər nədirsə, ürəyində qalacaq. Çünki nərd taxtasını belə yoxlayıb sonra müsadirə edən “Laçın” SBM-nin igidləri sizi qarşılamağa hazırdırlar.
Təbii ki, bütün bu şoular elə-belə deyil. 30 il ərzində heç kimin vecinə deyildi Qarabağ! Bir milyondan çox azərbaycanlı məcburi köçkünlər, vaqonlarda, yataqxanalarda, çadırlarda yaşamağa məhkum olunan azərbaycanlı uşaqlar. İndi nə oldu, Xankəndidə uşaqların peçenyesi qurtarıb deyə üz-göz cırmaq niyə Fransanın əsas işinə çevrilib?
Deməli ki, səbəbi var.
Biz düz 40 tonluq çörək göndərmişik Xankəndidəki uşaqlar üçün. Bizim uşaqları ermənilər Xocalıda diri-diri yandırdığı, Ağdamda başlarına bomba tökdüyü, Gəncədə, Tərtərdə, Bərdədə sivil adamların evlərinə raketlər atdığı halda biz onlara çörək veririk.
Amma Xankəndi terrorçuları, Ruben Vardanyan və onun silahlı adamları göndərdiyimiz TIR-ların qarşısını kəsməyə çalışırlar.
Necə deyərlər, Ruben Vardanyanın nazı ilə çox oynadıq deyəsən. Bir gün ayılacaq ki, “paketləyib, aparırlar”. Özü də bizim qaramaskalılar.
İndi gəlim əsas məsələyə. 30 il ağzına su alan “dünya birliyi” o vaxt da, bu gün də İrəvanın apardığı əclaflığı yaxşı bilir. Çox qəşəng bilirlər ki, İrəvanda kim nə vaxt yemək yedi, Xankəndidə kim, nə vaxt çay içdi. Kim kiminlə oynaşdı.
Açığı bütün bunları rəsmi Bakı da canlı yayım rejimində qəşəng bilir.
Kim, nə vaxt, harada, nə qələt edib. Nə vaxt Azərbaycan bayrağını təhqir edib, nə vaxt kimə güllə atıb, elə yaxşı bilir ki… Vaxtı-vədəsi gələndə də necə lazımdır qulaqburması da verir. Lazım olanı həbs edir, lazım olmayanı sərbəst buraxır.
İndi isə həqiqət anıdır. Artıq bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır. Əgər Haykanuşun balaları həqiqətən də acdırsa, heç bir ana göndərilən çörəkdən imtina etməz. Çünki ananın əsas məqsədi odur ki, uşağı tox olsun.
Yox, əgər türkün çörəyindən imtina edirlərsə, deməli nə Haykanuş, nə də balaları ac deyil.
Və sonda, getmək istəyənlər üçün qapı həmişə açıqdır. “Laçın” sərhəd-buraxılış məntəqəsindən hər gün rahat şəkildə ermənilər keçib gedirlər. Qalmaq istəyən isə hökmən türkün çörəyini yeyəcək.
www.102info.az