Universitetlərin açılmasına sayılı günlər qalıb: Kirayə bazarında qiymətlər necədir? – REPORTAJ + FOTO

Cəmiyyət


Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Tələbə valideynlərinin isə indidən hazırlıqlar gördüyü müşahidə olunur. Artıq kirayə mənzil bazarına axın başlayıb və ofislərin qarşısında izdihamlar yaranıb. Rayonlardan üz tutan valideynlər arasında kimi bir, kimi iki, kimi isə üçotaqlı evlərin axtarışına çıxıb.

“Report”un yerli bürosu Sumqayıt şəhərində kirayə mənzil bazarındakı durumla maraqlanıb.

Məlum olub ki, burada kirayə bazarında evlər bahalaşıb. Bəziləri yenitikili, digərləri köhnətikili binalara üstünlük versə də, həyət evlərinə olan tələbat da az deyil. Kirayə bazarında evlərin bahalaşdığını söyləyən şəxslər isə ailə büdcələrinə uyğun ev axtardıqlarını deyirlər.

Natiq Eyvazlı deyir ki, artıq iki övladı tələbədir və onlardan biri bu il birinci, digəri isə ikinci kursda təhsil alacaq. Onun sözlərinə görə, ötən il tələbə övladı üçün kirayələdiyi birotaqlı ev darısqal olduğundan təhvil verib. Buna görə də yeni ikiotaqlı kirayə mənzil axtarır:

“Amma qiymətlərin bu qədər qalxdığından xəbərsiz idim. Doğrusu, bahalaşma elə də yüksək olmasa da, müəyyən qədər hiss olunur. Ötən il övladım üçün birotaqlı kirayə ev tutmuşdum. Bu il digər övladım da tələbə adını qazandığı üçün ikisi bir evdə qalacaq və buna görə də ikiotaqlı ev axtarırıq”.
 
Digər müştəri Rəxşəndə Quliyeva isə üçotaqlı həyət evi axtardığını bildirib. İndiyə qədər rayonda yaşadıqlarını söyləyən müsahibimiz deyir ki, artıq övladları ali məktəbə qəbul olduğundan Sumqayıta köçmək qərarına gəliblər. O, buna görə də 3 otaqlı həyət evinin həm geniş, həm də büdcəyə uyğun olduğunu düşünür.

Əmlak üzrə ekspert Eldar Sadıqov açıqlamasında, ümumiyyətlə, mənzil alqı-satqısından danışıb. O bildirib ki, qardaş ölkədəki güclü zəlzələdən sonra insanlar artıq köhnətikili və həyət evləri almağa üstünlük verirlər.

Ekspertin sözlərinə görə, qiymətlər isə ötən ilə nisbətən 10-15 min manat civarında qalxıb. Evlərin satış qiyməti qalxdığından kirayələrin də qiyməti artıb. Buna görə də kirayə bazarında evlər bahalaşıb.
 
Vasitəçilər isə universitetlərin açılmasına sayılı günlərin qalması ilə əlaqədar şəhərə tələbə axınının başladığını və buna görə də kirayə mənzillərə tələbatın artdığını söyləyiblər. Qeyd edilib ki, kirayə mənzildə əsasən yenitikililərə üstünlük verilir və qiymətlər də otaqların sayına, eləcə də əşyalı olub-olmamasına görə dəyişir.

Onlar deyirlər ki, kirayə bazarında köhnətikililərdə əşyalı mənzillər birotaqlı 200 manata, ikiotaqlı 300-350 manata, üçotaqlılar isə 400 manata təklif edilir.

Qeyd edilib ki, əşyasız isə birotaqlı mənzillərin kirayə haqqı 150 manat, ikiotaqlı mənzillərin kirayə haqqı 200-250 manat, üçotaqlı mənzillərin kirayə haqqı isə 300 manatdır:

“Yenitikililərdə isə qiymətlər bir az fərqlidir. Yerləşmə ünvanından asılı olaraq, yenitikililərdə əşyalı mənzillər birotaqlı 350 manata, ikiotaqlılar isə 450-500 manatdır. Həmin mənzillərin əşyasız şəkildə birotaqlısı 300 manata, ikiotaqlısı isə 350 manata təklif edilir. Həyət evlərində qiymətlər köhnətikililərdə olduğu kimidir. Həmin evlərə daha çox ailə tərkibi geniş olan şəxslər müraciət edirlər”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir