Baku TV-nin Azərbaycan və rus dillərində fəaliyyət göstərən “YouTube” səhifəsi yay fəslində rekord sayda baxış toplayıb.
Yay aylarında yaranan durğunluq fonunda peşəkar iş və dəqiq xəbərlərin təqdimatı səhifənin baxış sayını rekord göstəricidə artırıb.
Belə ki, 90 gün ərzində ”YouTube”a əlavə 60 min abunəçi üzv olub. Kanalın unikal izləyicilərinin sayı 5,2 milyon, daimi izləyicilərinin sayı isə üç milyonu ötüb.
Baku TV-nin Azərbaycan dilində fəaliyyət göstərən ”YouTube” səhifəsi 90 gün ərzində 81,4 milyona yaxın baxış toplayıb. Kanalda paylaşılan videolara 2,3 milyon saat baxılıb.
Qeyd edək ki, səhifənin böyük hissəsi, yəni – 70,3 faizini Azərbaycandan olan istifadəçilər təşkil edir. Digər sıralama isə belədir: Rusiya – 23,8%, Türkiyə – 1,1%, Gürcüstan – 0,8%.
Səhifənin izləyicilərinin 76 faizi kişilər, 23,9 faizi isə xanımlardan ibarətdir. Eyni zamanda, izləyicilər arasında 25-34 yaş qrupuna daxil olan istifadəçilər (27%) daha çoxdur. İkinci yerdə 35-44 yaşlı istifadəçilər (23,1%), üçüncü yerdə isə 55-64 yaşlı istifadəçilər (15,3%) qərarlaşıblar.
Telekanalın rus dilində fəaliyyət göstərən ”YouTube” səhifəsi də rekord sayda baxış toplamağı bacarıb. Belə ki, səhifədəki videolar 90 gün ərzində 17,6 milyona yaxın izlənilib.
Rus bölməsinin izləyicilərinin 52,7 faizini Rusiyadan olan istifadəçilər təşkil edirlər. İkinci yerdə 22,3 faizlə Azərbaycandan olan istifadəçilər qərarlaşırlar. İlk üçlüyü isə 4,6 faizlə Ermənistandan olan istifadəçilər qapayırlar.
Səhifənin izləyicilərinin 84,9 faizi kişilər, 15,1 faizi isə xanımlardan ibarətdir. Rus bölməsinin izləyiciləri arasında ilk sırada 55-64 yaş qrupuna daxil olan şəxslər (26%) qərarlaşırlar. Sonrakı yerləri 19,9 faizlə 45-54 yaşlı istifadəçilər və 17,8 faizlə 35-44 yaşlı istifadəçilər bölüşürlər.
Baku TV bundan sonra da izləyicilərinin etimadını doğruldaraq yeni-yeni zirvələri fəth etməkdə davam edəcək.
www.102info.az