“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar sərnişindaşımada yarana biləcək hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə hərəkət cədvəlini optimallaşdırır. Belə ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında iki reys, axşam saatlarında bir reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında bir reys əlavə olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında iki reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında iki reys əlavə olunub.
8 sentyabr 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək.
Qrafikdə edilmiş dəyişikliklər həm sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasına və turniketlərdən keçid zamanı yarana biləcək sıxlığın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq, həm də gün ərzində daha çox sərnişinin daşınmasını mümkün edəcək.
Eyni zamanda ilk dəfə olaraq sərnişinlərin istəkləri nəzərə alınaraq qeyri-iş günləri üçün də xüsusi qrafik hazırlanıb. Yeni qrafikə əsasən, qatarlararası interval azaldılıb və hər iki istiqamət üzrə ümumilikdə əlavə 8 reys təyin olunub.
ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir və bu sorğulara əsasən xidmət səviyyəsini yüksəldir.
Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.
Qeyd edək ki, ADY sərnişindaşımada xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər planlaşdırır. Bu ilin sonu, gələn ilin əvvəlində ümumilikdə 10 yeni sürətli sərnişin qatarının ölkəyə gətirilməsi Abşeron dairəvi dəmir yolu xətti üzrə əlavə reyslərin təyin edilməsində önəmli dəstək göstərəcək.
Könül Cəfərli
www.102info.az