Dolu kənddə salamat ev qoymadı – FOTO

Cəmiyyət


Dünən səhər saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, əsasən Zaqatala rayonunun dağlıq əraziləri və ona yaxın yaşayış məntəqələrində güclü küləklə müşahidə olunan dolu yağıb. 

Əməkdaşlarımız təbii fəlakətin baş verdiyi bir neçə kənddə olub, sakinləri dinləyiblər.

Güclü küləklə müşayiət olunan leysan sonradan doluya çevrilib. Dolu əsasən rayonun Mazıx, Qəbzdərə, Car və Yuxarı Tala kəndlərinə, eləcə də şəhərin Qala düzü ərazisinə düşüb. 

Qəbzdərə kənd sakini Hüseyn Nuriyevin həyətində, mənzilinin qarşısındayıq.  Adam inana bilmir ki, burada bir neçə saat öncə təbii fəlakət baş verib. Sanki binanın üst örtüyünü gülləbarana tutublar, elə bil həyətdəki ağacları xüsusi formada budayıblar. Hüseynovlar ailəsi hələ də gördüklərindən şokdadır desək, yanılmarıq. Mənzil sahibinin qızı bildirib ki, dolu yağan zaman bayıra çıxmaq mümkün olmayıb.  

Səmayə Qasarayeva deyir ki, bura onun ata yurdudur: 

“Səhərdən zəng elədilər ki, belə bir vəziyyət var. Bir az kəndin yuxarısına gələndə gözlərimizə inanmadıq. Ən balaca dolu yumurta boyda, ən irisi yumruq boydadır. Evin vəziyyətini də görürsünüz. Heç cür yaşamaq mümkün deyil”, – deyir və bizi yaxınlıqda qardaşının yenicə istifadəyə verdiyi tikili ilə də tanış edir.  

Qəbzdərədə salamat ev qalmayıb. 

Təbii fəlakət daha çox rayonun Qəbzdərə kəndində fəsadlar törədib. Əksər evlərin damlarını, tövlə və altıaçıqların üstünü dolu yararsız vəziyyətə salıb. Kənd sakini Zeynal Məmmədovun da yeni inşa etdiyi evin damı tamamilə sıradan çıxıb. Dolu, həmçinin onun həyətindəki avtomobilin şüşələrini qırıb.

Bu da 6 uşaq anasının evi… 

Səbiyyət Məmmədova altı uşaq anasıdır. Həyətində hələ də dolunun əlamətləri qalmaqdadır. Deyir ki, kənddə sakinlərin mənzilləri ilə yanaşı əsas gəlir mənbəyi sayılan fındıq və xurma ağaclarındakı bütün məhsulları dolu yararsız vəziyyətə salıb: 

“Əvvəl yağış yağdı, beş dəqiqənin içində doluya çevrildi. Göz-gözü görmürdü. Göydən yumruqdan da yekə dolu tökülürdü.. Evin üstü kirəmitdir. Onların hamısını bir anda param-parça etdi. Həyətimizi də görürsünüz”, – deyə əli ilə həyətini göstərir.

Komissiya yaradılıb, lakin əksər evlər sığortasızdır. 

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hadisədən sonra müvafiq təşkilatların əməkdaşları Mazıx, Qəbzdərə, Car, Yuxarı Tala kəndlərində sakinlərin mənzillərinə eləcə də fərdi təsərrüfatlara baş çəkib, dəymiş ziyanın hesablanması istiqamətində iş aparılır.

Komissiyadan o da bildirilib ki, baş verən təbii fəlakət barədə müvafiq orqanlara rəsmi müraciət ünvanlanacaq. Lakin əksər evlər sığortasız olduğundan dəymiş ziyan tam ödənilə bilməyəcək. Artıq kəndlərə elektrik enerjisinin verilməsi bərpa olunub, yollar daş və çınqıldan, ağac qırıntılarından təmizlənib, nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur.  

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir