Bakıda iki nəfərin qətlində təqsirləndirilən şəxslərin məhkəməsində dava düşüb, proses yarımçıq qalıb

Cəmiyyət


Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi mərhum Xəyal Rəhimovun anası Gülayə Rəhimova bildirib ki, oğlu günahsız yerə öldürülüb:

“Hadisənin səbəbkarı oğlumun dostu Orxan adlı şəxsdir. Orxan bu adamlardan narkotik vasitə alırmış. Oğlum Xəyal hadisə vaxtı nə içkili olub, nə də əlində bıçaq olub. Həmin gün təxminən axşam saat 9-da Xəyal evdən çıxaraq maşınla bir az dolaşacağını deyib. Orxanla təqsirləndirilən şəxslər arasında dava olanda Xəyal da onunla birlikdə söhbəti aydınlaşdırmaq üçün gedibmiş. Məhkəmədən təqsirləndirilən şəxslərin ən ağır cəza almalarını xahiş edirəm”.

Şahid qismində ifadə verən təqsirləndirilən şəxslər Ceyhun və Ramin İsayevlərin anası İlahə İsayeva da ifadə verib.

O bildirib ki, digər təqsirləndirilən şəxs Rauf Hüseynov onun evində kirayədə qalıb:

“Həmin gün hamımız yatmışdıq. Çöldən səs eşitdik. Biz çölə çıxanda Orxanın söyüş söydüyünü, Xəyalın da onun yanında durmasının şahidi olduq. Mən onları sakitləşdirməyə çalışdım. Sonra oğlanlarım Ceyhun və Ramin, eləcə də Rauf dalaşdılar. Daha sonra Xəyalgil getdilər. Bir neçə dəqiqədən sonra 7-yə yaxın naməlum şəxs evimizə hücum etdi. Onların hər birinin əlində soyuq silah hesab edilən dəmir dəyənək gördüm. Hadisə vaxtı mən kimin ölməsinin və ya bıçaqlanmasının şahidi olmamışam”.

Şahid qismində zərərçəkmiş şəxs, mərhum İlkin Rzayevin keçmiş həyat yoldaşı Nərmin Fətəliyeva dindirilib. O, bildirib ki, hadisədə adı hallanan qardaşı Orxanın heç bir günahı yoxdur:

“Hadisə zamanı yoldaşım İlkin Rzayevə Xəyaldan zəng gəldi. Onu “Kosmos” deyilən əraziyə çağırdılar. Ancaq Xəyal İlkini davaya çağırması barədə məlumat verməyib”.

Bundan sonra prosesdə tərəflər arasında dava düşüb. Hakim bu səbəbdən məhkəməni təxirə salmağa məcbur qalıb.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-də saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetiriliblər.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir