“Təmiz şəhər” ASC Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsi ilə birgə “Tap qaytar” layihəsinə başlayıb.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar bu gün Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna mediatur təşkil edilib.
Mediatur çərçivəsində zavodun fəaliyyəti haqqında məlumatlandırma təşkil edilib, daha sonra Bakının müxtəlif bölgələrindəki zibil qutularından tapılmış avtomobil dövlət qeydiyyat nişanları və sürücülərin müvafiq sənədlərinə baxış keçirilib.
“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı bildirib ki, təsisat bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan dövlət qurumudur və hər il Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının 800 min tona qədəri qurumun təsərrüfat sahələrinə təhvil verilir.
Cəmiyyətin nəzdində fəaliyyət göstərən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna gətirilən tullantıların bir hissəsinin çeşidlənməsi zamanı bəzən insanların itirdikləri müxtəlif sənədlər və avtomobillərin dövlət nömrə nişanları tapılır:
“Təmiz şəhər” ASC-nin təşəbbüsü ilə Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsi ilə birgə həyata keçiriləcək “Tap qaytar” layihəsi nəqliyyat vasitələrinə aid sənəd və dövlət nömrə nişanı itirən sürücülərimizi sevindirəcək. Tullantıların içərisindən tapılan nəqliyyat vasitələrinə aid sənədlər və dövlət nömrə nişanları haqqında operativ qaydada polisə məlumat veriləcək və qısa zamanda sahibinə qaytarılması təmin ediləcək.
Artıq tullantıların içərisindən çıxan avtomobillərə aid 57 dövlət nömrə nişanı, 8 sürücülük vəsiqəsi və 2 qeydiyyat şəhadətnaməsi sahiblərinə qaytarılması üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşlarına təqdim edilib.
Zibil qutularından tapılan avtomobil nömrələri arasında diqqətçəkən nişanlar da var. Məsələn, 90-UE-900, 10-KK-104, 10-SS-557, həmçinin əcnəbi şəxslərə məxsus nişanları qeyd etmək olar”.
Aysel Aslan
www.102info.az