Metroda güzəştlər tətbiq ediləcək? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Cəmiyyət


Ötən həftə “Bakı Metropoliteni”i pilot layihə kimi QR ödəniş üsulunun tətbiqinə başlanıldığını bildirdi. Belə ki, bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər. Bu üsul kartsız, həmçinin, elektron cihazlar üzərindən ödəmə üsullarını genişləndirməyə imkan verir. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Elektron ödəmə üsulundan əlavə, dünyanın bir çox ölkələrində metro ilə bağlı müsbət təcrübələr var ki, onlar bizdə hələ ki, tətbiq olunmur. Məsələn, bir çox ölkələrdə gedişhaqqı birdəfəlik ödənildikdə, endirim tətbiq edilir. Yaxud, aylıq abunə olduqda, bir gedişin dəyəri daha ucuz başa gəlir. İnkişaf etmiş ölkələrdə gedişhaqqı məsafəyə görə hesablanır. Bir sıra ölkələrin metrosunda isə bir saat ərzində metrodan ikinci dəfə istifadə edən sərnişin üçün gedişhaqqı yarıya qədər endirilir. Türkiyədə isə tələbələrə müəyyən güzəştlər tətbiq olunur.

Bəs bu kimi güzəştləri ölkəmizdə tətbiq etmək mümkündürmü? Ümumiyyətlə, “Bakı Metropoliteni” hansı yeniliklərin tətbiqinə çalışır?

“Ödəniş sistemində yeniliklər olacaq”

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mövzu ilə bağlı bildirib ki, son illərdə inteqrasiya olunmuş ödəniş sistemlərinin tətbiqi baxımından əhəmiyyətli işlər görülüb:

“2015-ci ilin avqust ayının 8-dən başlayaraq “Bakı Metropoliteni”ndə  vahid ödəniş kartları tətbiq edilir. QR bilet sistemi isə bunun növbəti mərhələsi idi. Növbəti illərdə də bu fəaliyyətdə yeniliklərin olması gözlənilir”. 

Səlahiyyətli qurumlar tərəfindən qərar verilərsə…

Metroda güzəşt məsələsinə gəldikdə isə, qurum rəsmisi qeyd edib ki, bu, “Bakı Metropoliteni”nin səlahiyyətində olan məsələ deyil:

“Metropoliten bu mənada icra edən və qəbul edilmiş qərarları həyata keçirən qurumdur. Qeyd etdiyiniz məsələlərlə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı qərarlar verirlərsə, təbii ki, qanunvericilik və normativ tələblərə uyğun olaraq, birmənalı şəkildə icra ediləcək”.

Güzəşt gözləmək düzgün deyil

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, metroda ən ucuz qiymət Azərbaycandadır:

“Dünya ölkələrindəki güzəştdən danışırıqsa, onların tətbiq etdiyi qiymətləri də nəzərə almalıyıq. Düzdür, burada əməkhaqqı məsələsi də var. Amma metronun xərclərinə baxsaq, qiymətlərin xərclərə nisbətdə ucuz olduğunu görərik. “Bakı Metropoliteni” QSC zaman-zaman zərərlə işlədiyini elan edir. İnfrastrukturun saxlanılmasına sərf olunan vəsait çoxdur. Məsələn, gedişhaqqının maya dəyəri 1 manat 50 qəpikdir, biz 40 qəpik ödəyirik. Qalan pulu dövlət ödəyir. Dövlət burada onsuz da hamıya güzəşt edir. Buna görə də indiki halda əlavə güzəştlər gözləmək düzgün deyil”.

Gedişhaqqı 1 manat 50 qəpik olarsa…

İqtisadçı qeyd edib ki, biz güzəştlərdən o vaxt danışa bilərik ki, gedişhaqqı metronun saxlanılmasına, istifadəsinə sərf olunan xərcləri ödəsin:

“Bütün dünyada şirkətlər yaxşı müştərilərinə güzəşt edirlər. “Metropoliten”də yaxşı müştəri daim metro xidmətlərindən istifadə edən şəxslərdir. Dünyada müəyyən mexanizmlər var ki, bəli, biz də tətbiq edə bilərik. Məsələn, metro xidmətlərindən tez-tez istifadə edən şəxslər üçün həftəlik, aylıq, illik kartlar tətbiq edilə və onların xüsusi ödəmə formaları ola bilər. Lakin belə halda güzəştli istifadə edənlərə endirim olacaq, digərlərində qiymət bahalaşacaq. Çünki indiki qiymətlər hamı üçün güzəştlidir. Məsələn, bizdə də metroda bir gediş 1 manat 50 qəpik olarsa, güzəştli kateqoriyalar müəyyənləşər və 2-3 qat ucuz qiymətlər tətbiq edilə bilər”.

Tələbələrə güzəşt edilməlidir

Təhsil eksperti Qoşqar Məhərrəmov isə vurğulayıb ki, tələbələrə mütləq endirim edilməlidir:

“Tələbələrə, xüsusilə də Avropada, Türkiyədə endirimlər şamil olunur. Tələbə ona təqdim olunan endirim kartlarını bir dəfə doldurur və metrodan daha aşağı qiymətə istifadə edir. Yaxud ay ərzində müəyyən qiymət müəyyənləşdirib, tələbəyə limitsiz istifadə etmək imkanı da yaradıla bilər. Ehtiyac içində olan, işləməyə məcbur qalan tələbələr çoxdur”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir