Yağış suları bəzi regionlarda işıq və qaz xətlərini zədələyib – AÇIQLAMA

Cəmiyyət


Ötən gün axşam saatlarından yağan intensiv yağışlar səbəbindən Astarada elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Yağış sularının elektrik dirəklərinə ziyan vurduğu və elektrik enerjisinin verilişində problemlərin yarandığı iddia edilir.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Oxu.Az-a verilən açıqlamada bildirib ki, Astaranın bir kəndində qısamüddətli fasilələr yaranıb və artıq problem aradan qaldırılıb:

“Yağan yağışlar bir kənddə elektrik dirəyinə təsir edib. Problem qısa müddətdə aradan qaldırılıb. Eləcə də, güclü yağışlı hava şəraitində təhlükəsizlik məqsədilə də bəzən fasilələr olur. Sözügedən təbiət hadisəsi ilə bağlı Lənkəran, Balakən, Zaqatalada abonentlərə elektrik enerjisinin verilişində bu saata qədər heç bir problem qeydə alınmayıb”.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev isə bildirib ki, Astara rayonu Vaqo kəndi ərazisində sel sularının təsiri nəticəsində 40 mm-lik qaz xəttinin qaynaq birləşməsində problem yaranıb:

“Nəticədə 30-a yaxın mənzilə qazın verilişində məhdudiyyət yaranıb. Lerik rayonunun Bibiyani kəndində torpaq sürüşməsi və Lənkəranın Şıxakəran kəndində ağac aşması nəticəsində aşağıtəzyiqli qaz xətlərinə müəyyən zərər dəysə də, qazın verilişində məhdudiyyət hələlik yoxdur. Ümumilikdə Lənkəran Regional Qaz İstismarı İdarəsi ərazisində intensiv yağışlar və sel suları ilə bağlı elə bir ciddi fəsad yoxdur”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir