Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir. Sosial şəbəkələrdə bir qrup şəxs tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə bir sıra yardımların toplanmasına dair paylaşımlar edilir.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə bənzər mövzuda kampaniya başladan şəxs və ya şəxslər cəmiyyətdə çaşqınlıq yaradaraq narahatlığa səbəb olurlar.
Mövzu ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov Oxu.Az-a açıqlamasında bildirib ki, lokal xarakterli antiterror tədbirləri həyata keçirilən günlərdə ordumuzun hərbçilərinə yardım adı altıda əhaliyə çağırış edib, kampaniya həyata keçirilməsi ilə bağlı paylaşımlar edilir. Nazirlik vətəndaşları belə çağırışlara qoşulmamağa çağırır:
“Silahlı qüvvələrimizin maddi-texniki bazasının yaxşılaşdırılması üçün zəruri bütün tədbirlər həyata keçirilib. Ordumuza gərəkli olan hər şey tam təchiz edilib. Belə bir kampaniyalara ehtiyac yoxdur. Bu kimi çağırışlara məhəl qoyulmaması və qoşulmaması bildirilir”.
Könül Cəfərli
www.102info.az