Müşfiq Məmmədli: “Bundan sonra heç kim Azərbaycanla silah gücü ilə danışmağa cürət edə bilməyəcək” – FOTO

Cəmiyyət


Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olublar. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıblar. Ermənistanın Azərbaycana qarşı apardığı bu kimi təxribat xarakterli, məqsədyönlü və planlı terror siyasətinə cavab olaraq 19 sentyabr tarixində üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Bu gün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov ictimaiyyətə açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Razılığa əsasən, yerinə yetiriləcək öhdəliklər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Silahlı Qüvvələrinin növbəti tarixi qələbəsini Oxu.Az-a şərh edən millət vəkili Müşfiq Məmmədli bildirib ki, bu gün xalqımız Ali Baş Komandanın rəhbərliyi altında böyük bir qələbəyə imza atıb:

“Bizim separatizmə qarşı apardığımız mübarizə dünyaya örnək oldu. Həyata keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə olan bütün qeyri-qanuni erməni silahlı dəstələri məğlubiyyətə uğradıldı. Bundan sonra həm Azərbaycan xalqının tarixində, həm də region xalqlarının həyatında yeni bir səhifə açılır. Azərbaycan xalqı, dövləti dəmir yumruq ətrafında birləşərək güclü iradəsini ortaya qoydu.

Azərbaycanın ümummilli siyasi ideyası tam qələbə qazanmışdır deyə bilərik. Bundan sonra Qarabağda, Zəngəzurda abadlıq, quruculuq işləri daha da sürətlənəcək”.

“Bütün etnik qrupların şad-xürrəm şəraitdə birgə yaşadığı, multikultural dəyərlərə hörmət edən Azərbaycan dövləti öz iradəsini ortaya qoydu. Bundan sonra heç kim Azərbaycan xalqı, dövləti ilə silah gücü ilə danışmağa cürət edə bilməyəcək”, – deyə Müşfiq Məmmədli qeyd edib.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir