Babək Ağayev: “İlk kiberşirkət olaraq dövlət qurumları ilə sıx əməkdaşlıq etmək əzmindəyik”

Cəmiyyət


“Son iki gündə Beynəlxalq Kibertəhlükəsizlik Günləri başlıqlı növbəti – 3-cü kiberkonfransımız baş tutub. “Rəqəmsal İqtisadiyyatlar və Kibertəhlükəsizlik” ana mövzusu ətrafında təşkil olunmuş bu konfrans çərçivəsində dövlət və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə 8 panel müzakirə, o cümlədən kibermüharibə ssenarisi əsasında simulyativ təqdimat təşkil edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu “Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, bu panellərdə səkkiz panel müzakirəsində Azərbaycanda dövlət və özəl sektorun nümayəndələri, 60-dan çox spiker çıxış edərək kibertəhlükəsizlik məsələlərini müzakirə ediblər, yenilikləri bölüşüblər:

“Sözügedən konfransın davamı olaraq bu gün bu tədbirin – Dövlət Qurumlarının İT rəhbərlərinin II Zirvə Toplantısının baş tutması olduqca sevindirici haldır.

Digər bir sevindirici hal isə, məndən əvvəl çıxış edən dəyərli natiqlərin – Azər müəllim və Elmir müəllimin də dediyi kimi, bizim Beynəlxalq Kibertəhlükəsizlik Günləri konfransına və Dövlət Qurumlarının İT rəhbərlərinin II Zirvə Toplantısına hazırlıq prosesi davam edərkən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyasının təsdiqlənməsi olub. Strategiyada öz əksini tapmış müddəalar və nüanslar istər dövlət qurumlarının, istərsə də kritik informasiya infrastrukturlarına xidmət göstərən özəl qurumların üzərinə ciddi məsuliyyətlər qoymaqdadır ki, burada da ən əsas məqamlardan biri milli və dövlət maraqlarımızı təməl alan birgə fəaliyyəti ehtiva edir. Başqa bir ifadə ilə, milli təhlükəsizliyimizin ayrılmaz bir parçası olan informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində dövlət qurumları ilə milli kiberşirkətlər arasında sıx əməkdaşlığın əhəmiyyəti daha çox ön plana çıxır”.

“Biz də özəl sektor təmsilçisi kimi və ancaq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərmək məqsədilə yaradılmışıq”, – deyə Babək Ağayev əlavə edib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir