“Statistika onu göstərir ki, Bakı şəhərində avtomobil və əhalinin sayının artmasına baxmayaraq, ümumən ötən illərlə müqayisədə yol-nəqliyyat hadisələri artmayıb, əksinə azalıb”.
Bunu AZƏRTAC-ın sorğusuna cavabında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bu il paytaxtda baş vermiş qəzaların sayını 2022-ci ilin eyni dövrü ilə müqayisə edərkən bildirib.
Onun sözlərinə görə, paytaxtda qəzaların ötən ilin müvafiq dövrü ilə müqayisədəki vəziyyətinə baxanda hazırkı rəqəmlər də ciddidir. Lakin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələrinin azalması istiqamətində üzərinə düşən işləri, ümumiyyətlə, maksimum dərəcədə diqqətdə saxlayır.
“Lakin biz nəinki ötən illərdən, hətta ötən 5 və 10 illə müqayisə apardıqda görürük ki, qəzaların sayında azalma müşahidə olunur. Sadəcə olaraq, yol-nəqliyyat hadisələrinin, hətta bugünkü səviyyəsi də bizi qane etmir. Məqsəd odur ki, bütün üsul və vasitələrdən istifadə edərək bu hadisələrin baş verməməsi üçün vətəndaşlarımız arasında maarifləndirmə, təbliğat işlərinin aparılması, məsuliyyət hissinin artırılması məqsədilə hamımız güclərimizi səfərbər edək. Bu da effekt verir. Əslində, bu sahədə ümumi vəziyyət müsbətə doğru dəyişib”, – deyə DYP rəsmisi bildirib.
www.102info.az