“Hansısa ölkələrin Gürcüstanda mədrəsələr açıb təbliğat aparması, özünün din modelini təşviq etməsi, burada özünə hansısa formada baza yaratmaq istəyi həmin dövlətlərin məqsədyönlü siyasətidir”.
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Azərbaycan Konstitusiya ilə təsbit edilmiş dünyəvi dövlətdir:
“Din və şəriət məsələlərini dövlət idarəçiliyində əsas götürən ölkənin məsciddə kadrının olması əhəmiyyətlidir. Ona görə də biz xurafatdan və ekstremist radikal düşüncədən uzaq olan, vəhdət prinsiplərini qəbul edən və bu istiqamətdə islami dəyərləri təbliğ və təşviq edən kadr hazırlığına ciddi əhəmiyyət veririk. İstəyirik ki, Gürcüstanda da bu cür kadr hazırlığında iştirak edək”.
“Biz demirik ki, tamamilə biz hazırlayaq. Seçim vətəndaşın özünə aiddir. Vətəndaş da bunu bizim müəyyənləşdirdiyimiz yerdə edəcəksə, o zaman buna məmnuniyyətlə köməklik göstərəcəyik. Mən inanmıram ki, damarında Azərbaycan qanı olan şəxs, onun maraqlarını hansısa dini təbliğata uyaraq Azərbaycanın əleyhinə çevirmiş olsun. Belələrinə nadir hallarda rast gəlinə bilər”, – deyə o bildirib.
Qeyd edək ki, M.Qurbanlı Gürcüstanda səfərdədir.
www.102info.az