Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının 5 sentyabr 2023-cü il tarixli qərarı ilə sentyabrın 15-dən etibarən Azərbaycanda ov mövsümü açıq elan olunub.
Bununla bağlı hansı kriteriyalar müəyyən olunub və nə qədər limit tətbiq olunacaq?
Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran ETSN yanında Bioloji Müxtəliflik Xidmətinin rəis müavini Arzu Babayeva, respublika ərazisində müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarının ərazisində ova icazə verildiyini diqqətə çatdırıb:
“Bundan əlavə, sərhədyanı (və ya cəbhə zonasına yaxın ərazilərin) rayonların ərazilərində, işğaldan azad olunmuş bütün ərazilərdə, Xəzər dənizinin adalarında, yaşıllıq ərazilərdə, şəhərlərin ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ov edilməsi qadağandır”.
Müsahibimiz ovuna icazə verilən növlərdən başqa heyvanların ovlanmasının da qəti qadağan olunduğunu vurğulayıb:
“Qanunsuz ovun qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq reydlər keçirilir və qanunamüvafiq tədbirlər görülür. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının pozulmasına görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır”.
Rəis müavini respublika ərazisində 2023-24-cü illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanaraq ETSN-in rəsmi internet səhifəsində yerləşdirildiyini bildirib.
O qeyd edib ki, bunlardan qaban (çöl dönuzu), dovşan, bataqlıq qunduzu (nutriya), cüllüt (ağquyruq çökükdimdik, çığırqan çökükdimdik, kiçik əyridimdik, böyük əyridimdik, böyük oxcüllüt, sağsağan cüllüt, qırmızıdöş qumluq cüllütü, yoğundimdik (iridimdik) bozca, kəkilli cüllüt, çöl haçaquyruğu istisna olmaqla), qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla) ördək (ağgöz dalğıc, göydimdik, qılquyruq, qırmızıbaş dalğıc, uzunquyruq ördək və mərmər cürə istisna olmaqla), qaşqaldaq, bildirçin, göyərçinin (alabaxtadan başqa) ovlanmasına cari mövsümdə icazə verilir.
Müsahibin sözlərinə görə, ötənilki ov mövsümündə ovlanmasına icazə verilən “alabaxta” bu il Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşdüyü üçün ovlanması qadağan edilib.
www.102info.az