Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunan anım tədbiri və qanvermə aksiyası keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları, o cümlədən 44 günlük Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində, öncəliklə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, müasir tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın hərbi işğalına son qoyulduğunu, ərazi bütövlüyümüz ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qəhrəmanlıq salnaməsinin tariximizə qızıl hərflərlə həkk olunduğunu diqqətə çatdırıb.
Torpaqlarımızın işğal altına düşdüyü gündən bu faktla barışmayan ölkəmizin məsələnin sülh yolu ilə həllini tapması üçün daim çalışdığı, lakin Ermənistanın danışıqların imitasiyası ilə məşğul olduğu, habelə hərbi-siyasi təxribatlarını davam etdirdiyi diqqətə çatdırılıb.
Elə məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi dövründə də Ermənistanın öz təxribatlarını davam etdirdiyi, xalqımızın birliyi və həmrəyliyini pozmaq məqsədilə dəfələrlə mülki əhaliyə qarşı hücumlar və müharibə cinayətləri törədildiyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, müharibənin və münaqişənin bitməsinə baxmayaraq ölkəmizin 3 il bundan öncə Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədillməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdirdiyini bildirib. Bu xüsusda, Ermənistanın növbəti təxribatların qarşısının alınması üçün ölkəmizin lokal anti-terror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığıına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının hər kəs üçün aydın olduğu diqqətə çatdırılıb.
Bundan sonra da ölkəmizin normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı şəkildə səylərini davam etdirəcəyi, gələcəyə baxışımızın sülh üzərində qurulduğu vurğulanıb.
Bugünkü post-münaqişə dövrünün reallıqlarının, torpaqlarımızın azad edilməsinin isə şəhidlərimizə borclu olduğumuz, bu xüsusda onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bildirilib.
Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı ilə ərsəyə gətirilən “BİZ” tarixi-sənədli filmi nümayiş olunub.
Anım tədbirindən sonra Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı, XİN rəhbərliyi və əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.
Daha sonra, Xarici İşlər Nazirliyinin rəhbər heyəti Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin tikildiyi ərazini ziyarət edib və ərazinin girişində xatirə daşının önünə gül dəstələri qoyublar.
www.102info.az