“Özəl tibb müəssisələrinə daha çox hansı tibbi xidmətlərlə bağlı göndərişlər etməyimizin statistikasını da aparırıq, laboratoriya xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı da işlər görülür, vətəndaşlar artıq dövlət xəstəxanaları ilə bağlı məmnuniyyətlərini dilə gətirirlər, şikayətlərin sayında azalma var. TƏBİB-ə olan təşəkkürlərin sayı son dövrlərdə kifayət qədər artıb”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəedilməsi Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, bölgələrdə də hazırda uzmanlar fəaliyyət göstərirlər, mürəkkəb əməliyyatlar icra olunur:
“Lənkəran Rayon Mərkəzi Xəstəxanasında invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri açılıb, Şəkidə, Şirvanda da açılması planlaşdırılır. Artıq insanlar Bakıya gəlmədən də regionda əməliyyatlarını etdirə bilirlər. Hazırda vətəndaşların regionlarda bir xəstəxanada onlar üçün zəruri olan bütün tibbi xidmətləri əldə edə bilmələri üçün çalışırıq.
2023-cü ilin səkkiz aylıq göstəricilərinə əsasən, icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31%-i isə özəl tibb müəssisələrində icra edilib”.
Könül Cəfərli
www.102info.az