Fermerlər aqrar sığortadan niyə şikayət edirlər? – SƏBƏBLƏR

Cəmiyyət


Bu günlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov verdiyi açıqlamasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qorunması üçün tələb olunan sığorta ödənişlərinin elə də yüksək olmadığını bildirib.

1 000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edildiyini söyləyən F.Sadıqovun sözlərinə görə, meyvə bağlarının sığortalanmasında bu məbləğ 1 000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir.

Amma bir çox hallarda fermer və sahibkarlar bu məbləğin yüksək olduğunu və onlara sərf etmədiyini bildirirlər.

Mövzu ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bəzi fermerlər sığortaya yönələn xərcləri itirilmiş məbləğ adlandırırlar:

“Bu gün onlar “heç bir hadisə baş verə bilməz” düşüncəsi ilə yaşayırlar. Digər tərəfdən isə fikirləşirlər ki, əgər taxıl və ya hansısa sahələrini sel məhv edərsə, sığortaya çəkilən xərcə rəğmən, dəyən ziyan ödənilməyəcək. Sığorta bazarı son illərdə çox həssaslaşıb. Buraya daxil olan ilk növbədə özünü təsdiq etməlidir. Belə ki, fermer həm sığorta hadisəsini, həm baş verən itkinin hesablanmasını, həm də sığorta şirkəti tərəfindən qarşılanmasını gözləri ilə görməlidir”.

Sahibkarların çoxunun öz sahələri üzrə təhsil almadığını, beynəlxalq təcrübədən xəbərsiz olduqlarını söyləyən müsahibimiz fikrini belə əsaslandırıb ki, bu baxımdan da sığortanı əhəmiyyətsiz hesab edirlər:

“Ancaq təhsilli, dünyagörüşü geniş, beynəlxalq təcrübəni bilən fermerlər üçün sığorta etdirmək mühüm sayılır. Onlar ölkədə Aqrar Sığorta Fondu yaranana qədər digər şirkətlərlə əməkdaşlıq edir, torpaq sahələrini, meyvə bağlarını, yaxud da heyvanlarını mütəmadi sığortalamağa çalışırlar”.

Adıçəkilən fondun açıqladığı şərtlərin yüngül olduğunu söyləyən A.Nəsirli, eyni zamanda, bununla kifayətlənməməyi tövsiyə edib:

“Digər şirkətlər də bununla bağlı fermerlər arasında maarifləndirmə tədbirləri aparmalı, reklam lövhələri və rolikləri hazırlamalı və sığortanın əhəmiyyətini başa salmalıdırlar. Elə fermer var ki, sığortadan xəbəri yoxdur və nə olduğunu bilmirlər. Ona görə də heç vaxt sığorta hadisəsi ilə üz-üzə gəlmədiyini və buna ehtiyacı olmadığını söyləyirlər. Bir sözlə qlobal və geniş düşünmürlər. Amma bilməlidirlər ki, digər həmkarlarının başına hər iş gələ və təsərrüfatları bir anda hər hansı bir hadisəyə məruz qala bilər. Bilməlidirlər ki, ödədikləri məbləğ həcmindən asılı olaraq, sabah başqa bir həmkarlarının köməyinə çata bilər.

Bunu da həm Aqrar Sığorta Fondu, həm də aqrar sığorta sahəsində fəaliyyət göstərmək istəyən istənilən şirkət həmin şəxslərə izah etməlidir. Ancaq bu şirkətlərin heç biri belə tədbirlərlə məşğul olmaq istəmir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir