Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.
Oxu.Az xəbər verir ki, həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” Beynəlxalq Humanitar Təşkilatının birgə təşəbbüsüdür.
Hər il “Sərhədsiz həkimlər”in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərir. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparırlar. Hər il “Sərhədsiz həkimlər” təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.
Həkimlik qədim olduğu qədər də ən məsuliyyətli peşələrdən biridir. Bəşəriyyət yaranandan ona həmişə yüksək dəyər verilib və hörmətlə yanaşılıb. Həkimlər və şəfa sahibləri qazandıqları təcrübəni paylaşaraq gələcək nəsillərə çatdırıblar. Əvvəllər həkimlər dərman bitkiləri, məlhəmlər, minerallar və müxtəlif rituallardan istifadə etsələr də, onların müalicəsi bəzən cadu və ya mistika hesab olunsa da, bu peşə çox hörmətlə qarşılanırdı. Zaman keçdikcə təbabət elmə çevrilərək irəli gedib. İnsanlar vəba, çiçək, vərəm, qarayara kimi dəhşətli xəstəliklərə qalib gəlməyi öyrəniblər. Bütün bunlar insanın orta ömrünü əhəmiyyətli dərəcədə artırmağa və onların sağlam yaşamağına imkan yaradıb.
2019-cu ildə başlayan və hələ də davam edən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə və 2020-ci ildə Vətən müharibəsi dövründə bu peşənin vacibliyi bir daha öz təsdiqini tapdı. Koronavirus pandemiyası ilə mübarizə aparan Azərbaycan əhalisinin hər 10 min nəfərinə 32 həkim və 54 tibb işçisi düşürdü.
Bu ilin əvvəllərinə olan statistik məlumatlara əsasən, Azərbaycanda ümumilikdə 32,8 min həkim və 53,8 min orta tibb işçisi fəaliyyət göstərir. Bu həssas və xeyirxah peşə sahiblərinin klinika və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda həyatda ən qiymətli olan can sağlığının qoruyucularıdır.
Vətən müharibəsi dövründə həkim briqadaları üç istiqamətdə cəbhə bölgəsinə göndərilmişdi və tibb işçiləri böyük həvəslə fəaliyyət göstərirdilər. Həmin briqadalar cəbhə bölgəsində yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı, bəzi ağır yaralıları nisbətən kənarda yerləşən şəhər və rayonlardakı xəstəxanalara daşıyırdılar. Vətənin müdafiəsinə qalxan tibb işçilərindən doqquz həkim, yeddi feldşer, 26 sanitar olmaqla 42 nəfər müharibədə şəhid olub, 159 nəfər hərbi tibb işçisi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
www.102info.az