Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Xidmət müddəti başa çatan əsgərlər qalib Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən böyük şərəf və qürur duyduqlarını bildirib, hərbi xidmət dövründə qazandıqları müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əmin olduqlarını qeyd ediblər.
Tədbirlərdə xidmət müddəti ərzində icra olunan döyüş tapşırıqlarında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Sonda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilib, onlar yaşadıqları bölgələrə yola salınıblar.
www.102info.az