“İlkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs özünü daha rahat hiss edir, sanki özgüvəni artır”.
Bunu Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova nazirliyin saytına müsahibəsində deyib.
– Fizzə xanım, öncə bilmək istərdik ki, alkoqol narkotik vasitə hesab olunurmu?
– Alkoqolun insan orqanizmində geri dönməz nəticələrə səbəb olan narkotik maddə olduğu elmi cəhətdən sübut edilib. Birləşmiş Millətlər Təşkilatı (BMT) 21 fevral 1971-ci ildə alkoqolu Konvensiyanın psixotrop maddələri siyahısından çıxartdı. Beləliklə, alkoqolun istifadəsi leqallaşıb və həmin tarixdən artıq narkotik maddə adlandırılmır.
– 3 Oktyabr – Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür. Beynəlxalq günün tarixi haqqında qısa məlumat verərdiniz…
– Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən hər il təqribən üç milyon insan dünyasını dəyişir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb və həll yollarını müəyyən etmək üçün hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd edilir. Bu tarix təsadüfən seçilməyib. 3 oktyabr 1887-ci ildə bütün həyatını alkoqolizmlə mübarizəyə həsr edən görkəmli amerikalı ictimai xadim Con Finç vəfat edib.
– Doktor, alkoqolizm xəstəliyinin yaranma səbəbləri hansılardır?
– Xroniki alkoqol qəbulu hər zaman şəxsin daxili psixoloji, sosial, fizioloji, mənəvi problemləri haqda məlumat verir. Bunlardan fizioloji səbəblərə genetik faktorlar, baş beynin müxtəlif xəstəlikləri, nevroloji, psixi pozuntular aiddir. Alkoqolizmin əmələ gəlməsində sosial faktorlardan, əsasən, şəxsin olduğu mühit vacib rol oynayır. Bunların hamısı tez bir zamanda asılılığa səbəb olur. Digər amil isə insanın gözləntilərini doğrultmayan reallıqdan qaçmaq və eyni zamanda, həyatın həqiqətləri ilə üzləşməmək üçün spirtli içkilərə üstünlük verməsi kimi psixoloji faktordur.
– Alkoqolizmin mərhələləri barədə məlumat verərdiniz…
– Alkoqol asılılığın formalaşması fərqli olub, şəxsin psixi və fiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqolun toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma məhsullarının qanda uzun müddət olması sonradan beyin toxumasına təsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isə fiziki asılılıq yaradır.
İlkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs özünü daha rahat hiss edir, sanki özgüvəni artır. Lakin bütün bu hisslər müvəqqəti xarakter daşıyır və spirtin təsiri aradan qalxdıqdan sonra azalır.
Təkrar-təkrar eyforiya əldə etmək istəyi alkoqol asılılığının inkişafına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol haqqında düşünür, onu qəbul etmək anını səbirsizliklə gözləyir. Bu mərhələ psixi asılılıq dövrünə təsadüf edir.
Sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur. Bu zaman əsas əlamətlər əldə titrəmə, başağrısı, əmək qabiliyyətinin azalmasıdır. Bu mərhələdə insan eyforiyaya nail olmaq üçün spirtli içkinin dozasını artırır. Nəticədə, şəxs tamamilə spirtli içkidən asılı olaraq işə, doğmalarına, dostlarına qarşı laqeyd olur.
– Alkoqolizmin nə kimi fəsadları var?
– Spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliklərin yaranmasının başlıca faktorudur. Spirtli içkilərin tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə, alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxarır.
Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin sekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqol qaraciyər üçün xüsusilə zərərlidir. Spirtli içki qəbul etdikdə hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir, pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvi dəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zaman koqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətirib çıxardır.
– Alkoqolizmin ümumi sosial fəsadları hansılardır?
– Alkoqol istehlakı təkcə fərdin sağlamlığına deyil, onun daxili orqanlarını və bədən sistemlərini məhv etməklə yanaşı, bütövlükdə cəmiyyətə də neqativ təsir göstərir. Spirtli içkilərin sistematik qəbulu, hətta epizodik qəbulu belə insan sağlamlığına, ailədə konfliktlərə, hətta bəzi ailələrin dağılmasına gətirib çıxarır. Daimi spirtli içki qəbulu ağır intoksikasiyaya, xronik xəstəliklərin yaranmasına səbəb olur. Alkoqol təsiri altında insanlar cəmiyyət qarşısında məsuliyyət hissini itirirlər. Nə qədər spirtli içki qəbulu yüksək olur, o qədər də asosial davranışlar artır. Bunlardan ən təhlükəlisi sərxoş vəziyyətdə maşını idarə etməkdir.
www.102info.az