Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 1179,8 manat təşkil edib. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb.
Bəs bu əməkhaqları hansı sahələri əhatə edir?
Mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycanda minimum əməkhaqqının 345 manat olduğunu xatırladıb.
Bununla belə, ölkədə 5 min manata qədər, hətta ondan da yüksək maaş alanların olduğunu söyləyən ekspert vurğulayıb ki, onlar arasındakı orta aylıq nominal göstəricinin 1000 manatdan yuxarı olması normaldır:
“Bu da təbii ki, yüksək bir məbləği ifadə edəcək. Orta əməkhaqqı göstəricisi nisbi xarakter daşıyır və bunun Bakıda yüksək olmasını normal saymaq olar və bu, son günlərdə əhalinin gəlirlərinin durmadan artması ilə əlaqədardır. Bu gün özəl sektorda çalışanların əməkhaqları dövlət sektorunun bəzi sahələrindən çox yüksəkdir. Bu, həmişə belə olub. İnkişaf etmiş ölkələrdə də eyni vəziyyət müşahidə olunur”.
Müsahibimiz qeyd edib ki, hazırda bəzi dövlət qurumlarında da yüksək əməkhaqqı alanlar var:
“Daha çox neft-qaz, maliyyə və digər sektorlarda fəaliyyət göstərən şəxslər nisbətən yüksək əməkhaqqı alırlar. Minimum əməkhaqlarının qaldırılması ilə bağlı olaraq əhalinin də gəlirləri artmaqda davam edir. Ancaq bunun regionlara düşən payına baxsaq, çox ciddi fərqin olduğunu görərik. Bu ondan irəli gəlir ki, yüksək gəlirli, yəni əməkhaqqı ödənilən iş yerləri paytaxtda cəmlənib. Əhalinin yaşayış səviyyəsinin yaxın gələcəkdə daha da yaxşılaşması üçün orta nominal və yüksək əməkhaqları arasındakı fərqi azaltmaq və yaxınlaşdırmaq lazımdır”.
www.102info.az