AMEA: “Ağsudakı nekropolda tədqiqat yekunlaşıb, qəbirlərin yarısı uşaqlara aiddir” – FOTO

Cəmiyyət


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərlik etdiyi Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən antik dövrə aid nekropolda tədqiqatı yekunlaşdırıb.

AMEA-dan verilən xəbərə görə, nekropolun əsas hissəsi Gəgəli kəndinin yaşayış evlərinin yerləşdiyi məhəllələrdə üzə çıxdığı üçün ekspedisiya işinə İpək yolu küçəsi ev 91 ünvanında yerləşən həyətyanı sahədə başlayıb.

“Qazıntı sahəsinin 60 sm dərinlikdə birinci kvadratının şimal-şərq hissəsindən bir-birinə yaxın iki sadə torpaq qəbir üzə çıxıb. Birinci qəbirdə gənc qadına məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı cənub-şərqə olmaqla dəfn olunub. Skeletin üzü qarşısından bir ədəd oturacağında “tələf deşiyi” (kill hole) olan saxsı qab, çanaq hissəsi istiqamətində isə yerə başıüstə basdırılmış daş heykəlin baş hissəsi aşkar olunub. Ümumilikdə 2023-cü ilin sentyabr ayında Nərgizava nekropolunda 15 sadə torpaq qəbir öyrənilib. Qəbirlərin yarısı azyaşlılara məxsusdur. Onların bəzilərini iri küp parçaları ilə örtüblər, yanlarına istiqamət göstərən daşlar qoyublar. Uşaq skeletlərinin üzərindən tunc, dəmir, əqiq, pasta, şüşə bəzək əşyaları, üzüklər, qolbaqlar, sancaqlar, muncuqlar aşkar olunub. Böyüklərin skeletləri içərisində kişi skeletləri üstünlük təşkil edir. Onların baş və ya ayaq tərəfində dəmir nizə və bıçaqlar qoyulub”, – məlumatda deyilir.

Qeyd olunub ki, bəzi qəbirlərdə kişi və qadınlar eyni qəbir quyusunda dəfn olunması müşahidə edilib: “Qəbirlərdən analiz üçün kömür və sümük qalıqları götürülüb”.

Məlumatda ilk dəfədir ki, Nərgizava abidəsində qəbir avadanlığı içərisində oturacağında “tələf deşiyi” olan saxsı qablara rast gəlinildiyi də vurğulanıb: “Bununla yanaşı, bu abidədə daş heykəlin başının qoparılaraq başı üstə qoyulması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar Qafqazla yanaşı, Ellin dövründə Ptolomeylər Misirinə xasdır və daha əvvəlki dövrlərin dini ayinlərini əks etdirir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir