Son günlərdə hipermarketlər də daxil olmaqla, ərzaq dükanlarında yağlı zeytun qıtlığı yaşanır. Sahibkarlar bildiriblər ki, sifariş verilsə də, hələ də ölkəyə yağlı zeytun idxal edilmir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəsirli Bizim.media-ya açıqlamasında bildirib ki, ölkədə zeytun bağları çox olsa da, bu meyvə Azərbaycana əsasən xaricdən idxal olunur:
“Ümumiyyətlə, Azərbaycanda, Bakıda, Abşeron yarımadasında zeytun bağlarını görürük və elə bilirik ki, Azərbaycanda çoxlu zeytun yetişir. Əslində, ölkəmizdə zeytuna tələbat da, istehsal da o qədər böyük deyil.
Məsələn, zeytun yağı istehsal etmək üçün xammalı yerli məhsul hesabına ödəyəsi olsaq, Azərbaycan bir aylıq tələbatını ödəyəcək qədər xammal tapa bilmərik. Yəni biz kifayət qədər az zeytun istehsal edirik. Ona görə də zeytun və zeytun yağı xaricdən idxal olunur”.
Ekspert bildirib ki, dünyada zeytun istehsalı üzrə liderlər İspaniya, İtaliya və Tunisdir:
“Türkiyə də zeytun istehsalında ilk onluğa düşür, amma bu üç ölkə qədər məhsul istehsal edə bilmir. Biz zeytunu əsasən Türkiyədən, bəzi hallarda isə İspaniyadan idxal edirik. Düşünürəm ki, dünyada zeytun ehtiyatı tükənib. Bilirsiniz ki, artıq zeytunun yetişmə mövsümü yaxınlaşır. Yəni indiyə qədər istifadə edilən zeytun ötən ilin istehsalıdır. Deməli, bir illik bütün ehtiyatlar tükənir.
Çox güman ki, ehtiyatların tükənməsi səbəbindən də müxtəlif çeşidli zeytun qıtlığı yaranır və bu, bazarlarda hiss edilir. Yəni mövsümün başlanmasına az qalıb. Artıq bir neçə həftədən sonra yığıma başlanılacaq, yəni yağlı zeytun mövsümün əvvəlində deyil, sonunda yığılır. Çünki zeytun tam yetişkənlik fazasına çatdıqdan sonra yığılır. Əgər Türkiyədən başqa regionlardan idxala baş vurulmasa, hesab edirəm ki, 1-2 ay yağlı zeytun qıtlığı ilə yaşamalı olacağıq”.
www.102info.az