Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri, nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, FHN Akademiyasının kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir müavini bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan müqəddəs Vətən torpaqları ulu öndər Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən cəmi 44 gün davam edən Vətən müharibəsində azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında Fövqəladə Hallar Nazirliyi də üzərinə düşən vəzifələrini şərəflə yerinə yetirdi.
Dövlət başçısının diqqət və qayğısı sayəsində fövqəladə hallarla mübarizə üzrə yüksək səviyyəli kadrların yetişdirilməsi üçün Nazirliyin Akademiyasında hərtərəfli şəraitin mövcud olduğunu vurğulayan nazir müavini kursantların bu şəraitdən yararlanaraq dərin biliklərə yiyələnib daha güclü və qüdrətli Azərbaycana ləyaqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirib, bu yolda məzunlara və kursantlara uğurlar arzulayıb.
Sonra Akademiyanın magistratura pilləsini əla qiymətlərlə bitirmiş baş leytenant Vüqar Həziyev məzunlar adından çıxış edərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyəti sayəsində ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan, Silahlı Qüvvələrin zabiti kimi Vətənə şərəflə xidmət etməkdən qürur hissi keçirdiyini vurğulayıb. Akademiyada dərin biliklərə yiyələndiklərini qeyd edən zabit qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə, verilən bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirəcəklərinə söz verib.
Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.
Akademiyanın magistratura pilləsini əla qiymətlərlə bitirmiş məzun leytenant Təhməz Heydərov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.
Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.
www.102info.az