Rusiyada donuz taunu YAYILDI – Azərbaycana da gələ bilərmi?

Cəmiyyət


Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuri Baytarlıq Stansiyası yaydığı məlumata görə, Rusiyanın Primorye diyarında Afrika taununun yayılması səbəbindən təxminən 5 min donuz yandırılıb.

Bildirilir ki, heyvanlar əvvəl yatızdırılıb, hazırda isə ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunduğu üçün onların cəmdəkləri yandırılır

Risk nə qədərdir?

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyin ölkəmizdə yayılma riski çox aşağıdır:

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ölkəmizdə donuz saxlanılması o qədər də geniş yayılmadığı üçün bu xəstəliyin donuzlar arasında yayılması riski çox aşağıdır. Həmçinin ölkəmizə idxal olunan məhsullar xüsusi müayinələr cəlb olunur və yalnız təhlükəsizlik, keyfiyyət göstəriciləri uyğun məhsulların idxalına icazə verilir”.

Bəs sözügedən xəstəlik nə dərəcədə təhlükəlidir?

Tibb üzrə elmlər doktoru Adil Qeybulla Afrika taununun daha çox heyvan mənşəli xəstəlik olduğunu bildirib. Onun sözlərinə görə, bu virusa əsasən donuzlarda rast gəlinir:

“Bütün yaşlarda olan bu heyvanların xəstəliyə tutulma ehtimalı çox yüksəkdir. Bəzi ölkələrdə donuzların yeyilməsi ilə bağlı qadağanın zamanında tətbiq edilməsi, əslində bu xəstəliklərin qarşısının alınması ilə bağlıdır. Məsələ burasındadır ki, bu zoonos nə vaxtsa insana da keçə bilər. Bu gün isə bu xəstəlik insana keçmir və təhlükəli deyil. Ancaq ev heyvanları, əsasən də donuzlar üçün böyük təhlükə törədir”. 

Donuz taunu ölkəmizə də gələ bilərmi?

Ölkəmizdə bu heyvanların elə də geniş yayılmadığını söyləyən müsahibimizin sözlərinə görə, amma Qəbələ və digər bölgələrdə donuz fermaları var: 

“Həm Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, həm də Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumatlara görə, Azərbaycanda donuzların sayı təxminən 6 minə yaxındır. Hər halda, bu qurumlar da Rusiyadakı vəziyyətlə bağlı həmin fermaları nəzarətə götürəcəklər. Azərbaycan üçün elə də ciddi təhlükə yoxdur. Bununla belə bizdə də donuz əti istifadə olunur. Ölkənin etnik tərkibi müxtəlif olduğu üçün ticarət məntəqələrində müxtəlif yerlərdən gətirilən donuz ətinin satışına rast gəlinir”.

Həkim onu da qeyd edib ki, təkcə bu xəstəlik deyil, digər viruslar da əsasən qidalarla yayıla bilir:

“Hətta çirkləndirilmiş alətlər vasitəsilə, eləcə də zədələnmiş dəridən, selikli qişalardan digər heyvanlara keçə bilər. Ölüm səviyyəsi isə 100 faizə yaxındır. Belə ki, xəstələnmiş heyvanlar bir-biriləri ilə təmasda olduqda, xəstələnirlər və ölüm ehtimalı yüksəlir”.

A.Qeybulla hesab edir ki, məsələyə ciddi diqqət yetirilməlidir:

“Xüsusilə ölkəyə donuz ətinin idxalı ilə bağlı müvafiq tədbirlər görülməlidir. Eyni zamanda donuz yetişdirilən fermalara diqqət ciddi şəkildə artırılmalıdır”. 

Qeyd edək ki, klassik donuz taunu – donuzların virus xəstəliyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur. 

Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: heyvanların ölüm nisbəti 80-100% təşkil edir. Həmçinin kütləvi ölümdən sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənməlidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir