Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.
Bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, iclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.
Belə ki, “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 4 noyabr 2023-cü il tarixində “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12.19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “… cinayətkardır…” ifadəsini işlədib ki, bununla da, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
www.102info.az