Baş prokuror Gəncə şəhərində səfərdədir

Cəmiyyət


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.

“Report”un Qərb bürosunun məlumatına görə, baş prokuror səfər çərçivəsində ilk olaraq şəhərin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül qoyub.

Kamran Əliyev daha sonra, Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib.

Kamran Əliyev Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan ərazi ilə tanış olub. Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb. Baş prokurora cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib.

O da qeyd edilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” və digər raketlərdən atəşə tutulub.

Raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib, şəhərin 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Kamran Əliyev bu gün Gəncə şəhər Prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir