Vətəndaşlar 44 nömrəli marşrut xəttinin işləmə prinsipindən narazıdırlar.
Bu barədə Oxu.Az-a Suraxanı rayonu Zığ qəsəbə sakinləri bildiriblər.
Qeyd edilib ki, bu ilin fevral ayında 44 nömrəli marşrut xəttinə yeni avtobuslar verilsə də, interval artırılıb:
“Avtobuslar son dayanacaqda düzülüb gözləyir. Ancaq 20-25 dəqiqə interval keçdikdən sonra gəlirlər. Bu ilin sentyabrından isə sınıq-sökük avtobuslar həmin xəttə buraxılıb”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 44 nömrəli marşrut xəttində 14 ədəd iritutumlu avtobusla sərnişinlərə xidmət göstərilir:
“Hazırda 44 nömrəli marşrutda istismar olunan avtobuslar müasir standartlara cavab verən nəqliyyat vasitələridir. Yollarda yaranan tıxac avtobusların hərəkət cədvəlinin pozulmasına və intervalın artmasına səbəb olur.
Xüsusən günün pik saatlarında yaranan nəqliyyat sıxlığı ləngimələrə gətirib çıxarır. Belə olan halda pozulmuş qrafik nəticəsində son dayanacaqlarda avtobusların yığılması müşahidə oluna bilər”.
“BakuBus” MMC-nin istismarında olan bütün avtobuslar gündəlik yuyulub təmizləndikdən, dezinfeksiya edildikdən və texniki baxışdan keçirildikdən sonra xəttə buraxılır. Lakin gün ərzində sərnişinlərin marşrutlardan istifadəsi zamanı avtobusların çirklənməsi kimi hallar müşahidə edilir”, – deyə AYNA rəsmisi əlavə edib.
İlhamə Əbülfət
www.102info.az